Bəzi vətəndaşlar adlarının onlardan xəbərsiz hansısa şirkət tərəfindən işçi kimi qeydiyyata salınmasından şikayət edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Məlumatda qeyd olunub ki, vətəndaşın bacısı işləmədiyi halda, “Əmək müqaviləsi bildirişi” e-sistemində vergi ödəyicisi kimi görünür:
“Məlumat bacıma aiddir və hazırda o, işləmir. Amma sistemdə onun əmək müqaviləsi ilə işlədiyi görünür. Bacım heç bir şirkətlə əmək müqaviləsi imzalamayıb. Onun işsizliklə bağlı birdəfəlik müavinət almaq üçün müraciətinə imtina cavabı gəlib. Həmin şirkətdən şikayətçiyəm. Xahiş edirəm, köməklik göstərin”.
Bu, sözügedən mövzu ilə bağlı ilk şikayət deyil. Sosial şəbəkədə bu istiqamətdə çoxsaylı şikayətlərə rast gəlmək olar.
Bu, anlaşılmazlıq, yoxsa qanun pozuntusudur?
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı Oxu.Az-a açıqlamasında bildirib ki, son günlər ƏƏSMN-yə “Əmək müqaviləsi bildirişi” e-sistemində aktiv əmək müqaviləsi bildirişi olduğu üçün birdəfəlik ödəmə verilməsindən imtina edilən vətəndaşlar tərəfindən müraciətlər daxil olur.
O qeyd edib ki, dövlət orqanının başqa işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur:
“Müraciətlərdə Nazirlikdən əmək müqaviləsinə xitam verilməsi xahiş olunur və bir çox hallarda bu bildirişlərin sistemə tanımadıqları işəgötürənlər tərəfindən daxil edildiyi bildirilir. Vətəndaşlar bilməlidirlər ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilməlidir. Yəni, bu proses birbaşa işəgötürənin səlahiyyəti daxilindədir.
Dövlət orqanının başqa işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin sistemə daxil edilməsi üçün işçi ilk olaraq işəgötürənə müraciət etməlidir”.
A.Osmanqızı onu da əlavə edib ki, vətəndaş işəgötürəni tapa bilmədikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər:
“Vətəndaşlar e-sosial.az portalından öz əmək müqaviləsi bildirişlərinə baxmaqla, həmin bildirişləri e-sistemə daxil edən işəgötürənlər haqqında məlumatları əldə edə bilərlər. Eyni zamanda, işəgötürən vəfat etdiyi halda, vətəndaş işəgötürəni tapa bilmədikdə və ya vətəndaşın hər hansı əmək hüququnun pozulması halı qeydə alındıqda, bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edilə bilər”.
Könül Cəfərli