"Şirvanda betonqarışdıran yük avtomobilinin körpünün altında ilişməsi səbəbindən dəmiryol infrastrukturuna ciddi zərər dəyib."
Bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev deyib.

Ötən gün axşam saatlarında Şirvanda "Mercedes" markalı 90-JT-063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişib.
Hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb", - deyə B.Hacıyev bildirib.




Şirvan şəhərində körpünün altından keçmək istəyən betonqarışdıran avtomobil körpüyə ilişib.
Oxu.Az xəbər verir ki, sürücünün avtomobili körpünün altından çıxarmaq cəhdləri isə baş tutmayıb.
Şahidlərin sözlərinə görə, sürücünün yol nişanının tələbinə əməl etməməsi onu çətin vəziyyətə salıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Qeyd olunub ki, hadisə ötən gün saat 18:40-da Şirvan şəhərinin Mahir Mirzəyev küçəsində qeydə alınıb.
"Şirvandan Salyan rayonu istiqamətində hərəkətdə olan 1986-cı il təvəllüdlü Təvəkkül Əliyar oğlu Həşimov idarə etdiyi 90-JT-063 dövlət nömrə nişanlı, "Mercedes" markalı betonqarışdıran yük avtomobili ilə körpünün altından keçmək istəyərkən, körpüyə ilişib və hərəkəti davam etdirə bilməyib. Hazırda yük avtomobili həmin ərazidə qalmaqdadır. Onun körpünün altından çıxarılması üçün üzərindəki beton plitə götürülməlidir. Bu səbəbdən əraziyə xüsusi texnika gətirilir. Ərazidə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün DYP əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülməkdədir", - deyə məlumatda bildirilir.
Körpünün isə "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus olduğu bildirilir.

Əzizə İsmayılova