Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov bəzi hakimləri tənqid edib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, deputatın dediyinə görə, dövlət öz büdcəsindən hansısa bisavada və yaxud düzgün qərar verməyən birinə görə kimlərəsə vəsait ödəməməlidir:
“Avropa məhkəmələrinin bizdə olan məhkəmələrə tutduğu iradlardan biri də bəzi məhkəmələrdə prosedur qaydalarının pozulması nəticəsində prosesləri qeyri-obyektiv hesab etmələridir.
Bunun nəticəsi olaraq Azərbaycan dövləti, Azərbaycan vətəndaşının vergiləri, gəlirləri hesabına topladığı büdcədən həmin insana 15-30 min avro təzminat ödəyir. Bir nəfər hakimin düzgün çıxarmadığı qərarı Azərbaycan dövləti öz büdcəsindən ödəməyə qadirdir.
Fikrimcə, protokolda da göstərilib ki, məsuliyyət yerli məhkəmələrin üzərinə düşməlidir. Əgər bu məsuliyyət düşürsə və o düzgün qərar qəbul etməyəcəksə, həmin təzminat onun əmək haqqından, əmlakından tutulsun və ödənilsin.
Nəyə görə dövlət öz büdcəsindən hansısa bisavada və yaxud düzgün qərar verməyən birinə görə kimlərəsə vəsait ödəməlidir? Hesab edirəm ki, bu məsələyə yanaşmanı bu cür qoymalıyıq”.