“Exo” qəzetinin internet-səhifəsində (echo.az) oxucular arasında “Sizin aylıq gəliriniz nə qədərdir” başlıqlı sorğu keçirilib.
Maraqlıdır ki, səs verənlərin təxminən 30%-i ayda 1000 manatdan çox gəlirə malikdirlər. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən Azərbaycanda orta aylıq əməkhaqqının 400 manata yaxın olduğunu nəzərə alsaq, sorğunun nəticələrini kifayət qədər gözlənilməz hesab etmək olar.
Bununla yanaşı, Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatlarına görə, Azərbaycanda orta aylıq əməkhaqqı 596 ABŞ dollarına bərabərdir.
Səs verənlərin 26%-nin gəlirləri 200 və 500 manat arasında təşkil edir, 24% ayda 200 manatdan az qazanır, 20%-nin gəlirləri isə 500 – 1000 manat arasında dəyişir.
Aydındır ki, internetdə sorğunun nəticələri real vəziyyəti tam əks etdirməsə də, müəyyən təsəvvürlər yaratmağa kömək edir.
“Azərbaycanda orta əməkhaqqı 500 manat həddini bir qədər aşır və hansısa dərəcədə razılaşmaq olar ki, insanların maaşı 1000 manatdan çoxdur – deyə, İşçilərin hüquqlarının müdafiəsi liqasının rəhbəri Sahib Məmmədov səsvermənin nəticələrini “Exo”ya şərh edərkən bildirib. – Lakin əlbəttə ki, internet-sorğu real vəziyyəti tam əks etdirə bilməz, burada şəffaflıq tam təmin olunmur. Azərbaycanda rəsmi əməkhaqqı və aylıq gəlir bir qədər fərqlənir. Və bəzən gəlir rəsmi əməkhaqqından xeyli çox ola bilər. Bizdə çox insanların rəsmi maaşdan başqa hansısa rəsmi və ya qeyri-rəsmi gəliri olur. Düşünürəm ki, əhalinin gəlirləri üzrə daha real rəqəm 500 manatdan 1000 manatadək təşkil edir. Bizdə yalnız ölkə üzrə orta əməkhaqqını rəsmi şəkildə elan edirlər, bu isə qeyd etdiyim kimi, təxminən 500 manatdır. Məsələnin başqa tərəfi ondadır ki, bizdə bir çox yerlərdə “qara kassada” var və ona görə də, aylıq qazanc 600 manata çatır.
Sahib Məmmədov həmçinin qeyd edib ki, rəsmi maaş və əlavə qazancları arasında fərqin çox olduğu insanların kateqoriyası da var.
“Məsələn, bu, səhiyyə, təhsil işçiləridir. Bizdə həkimlər rəsmi olaraq az maaş alırlar, lakin hamımız bilirik ki, onların əksəriyyətinin qeyri-rəsmi gəlirləri var. Aydın məsələdir ki, həkim ayda 150 manat maaşa işləməyəcək. Müəllimlər tez-tez repetitorluqla məşğul olurlar ki, bu da, onlara rəsmi maaşdan qat-qat artıq olan əlavə qazanc gətirir. Rəsmi rəqəmləri nəzərə alsaq, bizdə ən aşağı maaş büdcə işçilərindədir. Lakin artıq qeyd etdiyim kimi, onların da qeyri-rəsmi gəlirləri var”.
Exo
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin