Mayın 19-da Beyləqan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərova məktəbdə baş verən əmək qəzası barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermədiyi üçün 1000 manat cərimələnmişdi. Bu hadisənin, eləcə də məktəbdə baş verən qarşıdurmanın bəzi təfərrüatı bəlli olub.
Oxu.Az xəbər verir ki, məktəbin tarix müəllimi Aynurə İmanovanın Bakupost.az-a verdiyi məlumata görə, əmək qəzası zamanı onun ayağı döşəməyə ilişərək yıxılıb. Nəticədə müəllimin qolu sınıb. A.İmanovanın iddiasına görə, buna məktəbin döşəməsinin yararsız vəziyyətdə olması səbəb olub.
Direktor cərimə qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət etsə də, şikayəti təmin olunmayıb və cərimə qüvvədə saxlanılıb. A.İmanova onu da bildirib ki, direktor 1 000 deyil, 1 500 manat cərimələnib.
O, direktorun ünvanına digər iddialar da səsləndirib. Bildirib ki, hadisədən sonra məktəbin direktoru Gülbəniz Cəfərova ona qarşı qərəzli davranmağa başlayıb və 1 ay ərzində üç əmrlə onu cəzalandırıb. A.İmanovanın sözlərinə görə, direktordan yazılı xəbərdarlıq, tabel cədvəlinə imza atmamaqla bağlı töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət alıb. A.İmanova iddia edir ki, tabel cədvəlinə digər müəllimlər də imza atmasalar da, cəza yalnız ona tətbiq olunub:
"Direktor bu hadisədən sonra mənimlə düşmənçilik edir. 14 ildir müəllim işləyirəm, ilk dəfədir ki, intizam tənbehi alıram. Gülbəniz Cəfərova xəstə olduğum halda mənə yazılı xəbərdarlıq verib, guya bütün iş günü üzrsüz səbəbdən işə gəlməmişəm. Daha sonra tabel cədvəlinə imza etmədiyim iddiası ilə iki töhmət aldım. Halbuki həmin sənəddə bir çox müəllimin imzası yoxdur".
A.İmanova əlavə edib ki, mayın 6-da xəstəxanaya müraciət etməsinə baxmayaraq, elektron sistemdəki texniki nasazlıq səbəbilə xəstəlik vərəqəsi yalnız 7-12 may tarixləri üçün açılıb. Direktor isə bu məsələni araşdırmadan ona töhmət verib:
"TƏBİB-ə müraciət etdikdən sonra sistemdəki problem aradan qaldırılıb. 6 may tarixində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyim reseptlər və xəstəxanadan verilən arayışla sübut olunur. Buna baxmayaraq, direktor mənə yazılı xəbərdarlıq verib. Halbuki Əmək Məcəlləsinin 72-ci maddəsinə görə, işçidən mütləq xəstəlik vərəqəsi və ya arayış gətirməsi tələb olunmur".
Beyləqan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərova isə A.İmanovanın irəli sürdüyü ittihamları əsassız adlandırıb.
Onun sözlərinə görə, Aynurə İmanova 2020-ci ildən məktəbdə çalışır və kollektiv, eləcə də şagirdlərlə münasibətlərində problemlər yaşanır. O bildirib ki, müəllimin psixoloji durumu ilə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilib:
"Bu müəllim gəldiyi ilk gündən Beyləqan rayon 1 saylı məktəbində narazılıq yaradıb. İşə başlayandan yalnız 102 xidməti ilə məşğuldur. Gah valideyni verir 102-yə, gah şagirdi, gah da müəllimi. Mən bilmirəm, bu adam nə istəyir. Məktəbdə müəllimə yaraşmayan hərəkətlər edir, etik davranış qaydalarını pozaraq şagird və müəllimlərlə münasibətlərdə problemlər yaradır".
Direktor məktəbdə baş verən əmək qəzası barədə də danışıb. Bildirib ki, hadisədən dərhal sonra müəllimin yanına gedib və onda xəsarət əlamətləri müşahidə etməyib:
"Onu ayaq üstə gördüm. Heç bir yeri sınmamışdı. Özü də dedi ki, yıxılmışam, qolum ağrayır. Soruşmuşam ki, bir şey lazımdırmı, kömək edək. Deyib ki, heç nə lazım deyil. 15 dəqiqə sonra isə xəstəxanaya gedib".
G.Cəfərova İmanovanın digər dövlət qurumlarında da narazılıq və qalmaqallar yaratdığını, bu səbəbdən kollektivin onunla işləməkdə çətinlik çəkdiyini bildirib:
"Bu müəllim İcra Hakimiyyətində də qalmaqal yaradıb. Hamı mənə zəng edib deyir ki, "Ay Gülbəniz müəllim, sizin belə bir müəlliminiz var?" Mən şəxsən utanıram. Hara gedirsə, orada qalmaqal yaradır, video çəkir, etik davranış qaydalarını pozur. Bu müəllim cəmiyyət içində özü haqqında artıq fikir yaradıb. Gülbəniz müəllimə ehtiyac yoxdur. Məktəb təkcə Gülbəniz müəllimdən ibarət deyil ki?! Məktəbin 78 müəllimi var. 2020-ci ildən bu müəllimlə bağlı neçə dəfə aidiyyəti qurumlara məktub ünvanlanıb ki, onun psixoloji durumu yerində deyil, uşaqlarla və böyüklərlə yola getmir. Ancaq dava-dalaş yaradır. Deyir ki, Gülbəniz müəllim mənimlə qərəz edir. Onun bu hərəkətlərinə baxmayaraq, 5 il ərzində düşünmüşəm ki, ailə həyatı pozulub, mən də ona ikinci bir zərbə vurmayım. Onun ailəsinə 3 dəfə təşkilatçı, direktor müavini, psixoloqla birlikdə baş çəkmişik".
G.Cəfərova pedaqoji kollektiv tərəfindən müəllimənin davranışları ilə bağlı Təhsil Nazirliyinə müraciət olunduğunu da qeyd edib:
"Onun barəsində müəllim heyətinin böyük əksəriyyəti Təhsil Nazirliyinə ərizə ilə müraciət edib. Bildiriblər ki, bu şəxs etik davranış qaydalarına əməl etmir. Geyimi də məktəbə uyğun deyil".
Sonda direktor bildirib ki, müəllimin fəaliyyəti ilə bağlı verilmiş intizam tədbirləri və bütün iddialar məhkəmə müstəvisində araşdırılır. Yekun qərarı məhkəmə verəcək:
"İntizam tənbehlərinə gəlincə, bütün sənədlər məhkəməyə təqdim olunub. Məhkəmə özü araşdıracaq ki, verilmiş intizam tədbirləri qanunidir, yoxsa yox. Mənə SMS yazıb ki, əgər mənim haqqımda mənfi rəy yaratsan, dilini boğazından çıxararam. Rəhbərə belə demək olarmı? Deyir ki, guya mən onun haqqında mənfi fikir yaratmışam və buna görə Elm və Təhsil Nazirliyində keçirilən müsahibələrdən keçə bilmir. Müsahibədən keçə bilmirsə, bu, Gülbəniz müəllimənin günahıdır?"