Azərbaycanda çimərlik mövsümünün başlaması ilə dənizdə baş verən bədbəxt hadisələrin sayı da çoxalıb.
Dəniz sahilində istirahət edənlər illərlə təkrarlanan, illərlə dəyişilməyən qaydalara laqeyd münasibət göstərərək, öz həyatlarını təhlükəyə atırlar.
Həmin qaydalar isə çox sadədir: xilasedicilərin olmadığı ərazilərdə çimmək olmaz, xüsusi quraşdırılmış nişanlardan uzağa üzmək olmaz, dalğalı havada dənizdə çimmək olmaz.
Lakin çox böyük təəssüf hissi ilə qeyd etməliyik ki, vətəndaşlarımızın müəyyən qismi çox sadə olan bu qaydaları uzun illərdir ki, əzbərləyib yadda saxlaya bilmir, yaxud da istəmir, öz həyatını təhlükəyə atır.
Son iki günün statistikası da bunları göstərir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 4-5 avqust tarixlərində dənizdə çimərkən düz 7 nəfər batıb – son 24 saat ərzində 7 nəfər həyatı ilə vidalaşıb, daha 4 nəfəri isə FHN-nin xilasediciləri ölümün cəngəsindən qurtara biliblər.
Həmin dəhşətli statistikanı da təqdim edirik:
Bakının Xəzər rayonu – 1 nəfər (cəsədi hələ tapılmayıb).
Bakının Xəzər rayonu – 1 nəfər. 1998-ci il təvəllüdlü Bədəlova Leyla Elşad qızı. Leyla Xəzər rayonunda dənizdə, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 kilometr aralıda, nəzarətsiz ərazidə çimərkən batıb. Onun cəsədi tapılaraq, ailəsinə təhvil verilib.
Bakının Qaradağ rayonu – 1 nəfər. 1997-ci il təvəllüdlü Akın Ərbin. Qaradağ rayonunda nəzarətsiz ərazidə çimən Ərbinin cəsədi də tapılaraq, yaxınlarına təhvil verilib.
Bakı, Nardaran qəsəbəsi – 1 nəfər. Batan şəxsin axtarışları davam edir.
Bakı, Sabunçu rayonu – 1 nəfər. 1997-ci il təvəllüdlü Əliyev Mübariz Məlikağa oğlu ən yaxın xilasetmə məntəqəsindən 650 metr sağda, nəzarətsiz yerdə suda batıb. Onun cəsədi tapılaraq, yaxınlarına təhvil verilib.
Sumqayıt şəhəri – 2 nəfər. 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlu və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğlu. Xalaoğlu olan bu iki gənc ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralıda, nəzarətsiz ərazidə çimərkən batıblar. Onların cəsədləri tapılaraq, yaxınlarına təhvil verilib.
Təqdim etdiyimiz bu dəhşətli statistika son 24 saat ərzində toplanan məlumatlardır. 24 saat ərzində 7 vətəndaşımızı itirmişik.
Təhlükəsizlik qaydalarına biganə münasibət son illər Azərbaycanda ölüm hallarının artmasına səbəb olub – hər ay yollarda qaydalara riayət etməyən, avtomobili yüksək sürətlə idarə edən onlarla vətəndaşımız, hər gün dənizdə təhlükəsizlik qaydalarını qulaq ardına vuran gənclərimizi itiririk.
Və hələlik bəzi vətəndaşlarımızın bu istiqamətdə irəliləyiş etməsi, qaydalara riayət edib özünü, yaxınlarının həyatını düşünmək istəməsindən əsər-əlamət belə yoxdur…
E.E.
www.oxu.az