Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində sentyabrın 12-də Şamaxıda yaşlılar festivalı keçiriləcək.
Oxu.Az xəbər verir ki, festivalın məqsədi yaşlı insanların daha dolğun və rəngarəng həyat yaşamalarına dəstək olmaq, onlarda fəal həyat tərzinin təşviqi, nəsillərarası münasibətlərin möhkəmləndirilməsi və milli dəyərlərin qorunub saxlanmasıdır.
Festival zamanı yaşlı insanların “YAŞA” Mərkəzində təşkil olunan yaradıcılıq dərnəklərində hazırladıqları əl işlərinin sərgisi, müxtəlif növ fəaliyyətlər üzrə ustad dərsləri, bayatı deyişmələri, yaşlı nəsil nümayəndələrinin iştirakı ilə poeziya dəqiqələri və milli folklor musiqilərinin ifası nəzərdə tutulur.
“Üçüncü Bahar” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır.
Xatırladaq ki, daha öncə “Sosial layihələr” müsabiqəsi çərçivəsində yaşlılar festivalı Bakıda keçirilib.
Festival Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejiminin tələbləri çərçivəsində Heydər Əliyev mədəniyyət və istirahət parkında baş tutacaq.
Tədbirdə iştirak etmək istəyən şəxslərin 055 704 20 18 mobil nömrəsi ilə əlaqə saxlaması xahiş olunur.