“Sovetski” sakinləri üçün yaşayış kompleksi tikən şirkət dələduzluqla məşğul imiş.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, “Sovetski”dən köçürülən sakinlər üçün yeni binaların tikilməsilə bağlı yayılan məlumatlarda dələduzların fırıldağı ortaya çıxıb.
Belə ki, ötən gün mətbuat konfransı keçirib, “Sovetski” sakinləri üçün Gəncə prospektində 810 mənzilli 16 mərtəbəli doqquz binanı tikəcəyini bildirən “DES Konsaltinq” şirkəti həmin mənzilləri hər kvadratmetri 375 manatdan sakinlər üçün satacaqlarını bildirmişdi. Amma Yasamal rayon İcra Hakimiyyətinin məlumatı araşdırması həmin şirkətin dələduzluqla məşğul olduğunu ortaya çıxartdı.
Yasamal, Səbail rayonu, eləcə də Bakı şəhər prokurorluğunun əməkdaşları “DES Konsaltinq”in ofisində araşdırmalar aparıb. Şirkətin direktoru Nazim Səmədov öz əməlinə haqq qazandırmağa çalışıb.
Şirkət nümayəndəsi vətəndaşlarla müqavilələr bağladığını etiraf etsə də onlardan hər hansı məbləğdə pul almadıqlarını iddia edir. Bütün bunlar isə Bakı şəhər prokurorluğunun apardığı araşdırmalardan sonra müəyyən ediləcək.
Faktla bağlı cinayət işi başlanılıb.