N.Nərimanov prospekti (keçmiş Sovetski küçəsi) ətrafında sökülən mənzillərin sakinlərinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciətləri ilkin nəticəsini verdi.
Oxu.Az-ın abc.az-a istinadən verdiyi xəbərə görə, bu mənzillərin sakinləri bildiriblər ki, şəhər hakimiyyəti köçürülmə zamanı sakinlərin üstünlük verəcəkləri yerləri aşkar etmək üçün sorğu keçiriblər.
“Hakimiyyət nümayəndələri sakinlərə hal-hazırda həm şəhər daxilində, eləcə də şəhər ətrafında tikilən müasir binalardan və yaşayış massivlərindən mənzil seçməyi təklif edirdilər. Sakinlərə üstünlük verdikləri ev layihələri, konstruktiv detallar barədə suallar verilib” - deyə sakinlər bildiriblər.
Sorğu aparan nümayəndələr hətta şəhərin elit binalarında belə mənzil alma imkanının olduğunu deyiblər. Evlərin kvadratmetrə görə sahəsi və kompensasiya məbləği sorğu mövzusu olmayıb.
16 fevraldan şəhər hakimiyyəti “Sovetski”nin köçürülməsi ilə məşğuldur və bu mənzillərin sakinlərinin tələblərinə rəsmi cavab mart ayının 3-də veriləcək.