Narazı olan sakinin evi sökülə bilməz. Bunu kim deyirsə yalan deyir.
Oxu.Az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov Modern.az saytına açıqlamasında belə deyib.
“Razı olmayan sakinlərin evinin söküntüsündən söhbət gedə bilməz. Ərazidə heç bir qarşıdurma da yoxdur”.
Qeyd edək ki, bu gün bəzi KİV-lərin yaydığı məlumata görə, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin tapşırığı ilə Bakının “Sovetski” adlanan ərazisində söküntü işlərinə ağır texnikalar cəlb edilib. Yasamal rayon 26-cı Polis bölməsinin əməkdaşları texnikaların qarşısını kəsən 6 qadını bölməyə aparıblar. Qadınların biri qışqıraraq, körpə uşağın evdə yatdığını bildirib. Yalvarıb ki, buldozerə verilən evindən heç olmasa, uşağı çıxarsınlar.