Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Bakıda küçələrdə gecələyən 58 yaşlı Əliyev Etibar Nadir oğlunun sığınacağa yerləşdirilməməsinə münasibət bildirib.
Agentliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 1964-cü il təvəllüdlü Əliyev Etibar Nadir oğlu 01.08.2019-cu il tarixdə Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib:
“30.09.2019-cu il tarixində öz istəyi ilə həmin müəssisəni tərk edib. Daha sonra 07.10.2019-cu il tarixində təkrarən eyni müəssisəyə yerləşdirilib, lakin 05.03.2020-ci il tarixində müəssisəni xəbərsiz tərk edib. 2021-ci ildə yenidən həmin müəssisəyə yerləşdirilib və 18.05.2022-ci il tarixində müraciətinə əsasən müəssisəni tərk edib.
Qeyd edək ki, vətəndaş xroniki alkoqolizmdən əziyyət çəkir, müəssisədə yaşadığı müddətdə dəfələrlə icazə alıb və geri qayıdarkən spirtli içkili vəziyyətdə olub. Vətəndaş 18.05.2022-ci il tarixində öz istəyi ilə müəssisəni tərk edib”.
Xatırladaq ki, bir neçə gün əvvəl saytımıza danışan Əliyev Etibar Nadir oğlu iddia edib ki, gənclik illərində mütəmadi idmanla məşğul olub və boks üzrə SSRİ çempionu olub. Hazırda səhhətində ciddi problemlər var və onun böyrəkləri öz funksiyasını itirib, sidik kisəsinə isə kateter qoşulub.
İlhamə Əbülfət
Rəylər