Su xətlərinə qanunsuz qoşulmanın hüquqi çərçivəsi dəyişdirilir.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.
Dəyişiklik bu gün Milli Məclisin Regional məsələlər üzrə komitəsində müzakirə olunub. Hazırda qüvvədə olan variantda su kəmərlərindən, kanallardan özbaşına su götürülməsi kimi verilən 101.2.3-cü maddə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması formasında dəyişdirilib. Qanunvericilikdə “az miqdarda ziyan” dedikdə 1000 manatadək olan ziyan nəzərdə tutulur.
Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vuran fiziki şəxslər 20 manatdan 40 manatadək, vəzifəli şəxslər 60 manatdan 90 manatadək miqdarda, hüquqi şəxslər 150 manatdan 300 manatadək miqdarda cərimə edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.