Hər gün saat 11:00-dan 18:00-a qədər su verilməsi dayandırılır.
Oxu.Az redaksiyasına Yasamal rayonu Şərifzadə küçəsinin sakinlərindən suyun verilməsinin dayandırılması ilə əlaqədar şikayət daxil olub.
Şəhər sakinləri hər gün saat 11:00-dan 18:00-a qədər mənzillərə suyun verilməsinin dayandırıldığını deyiblər.
Oxu.Az “Azərsu” ASC-yə bu problemin səbəbləri ilə əlaqədar müraciət edib.
“Azərsu” ASC-nin şikayətlərə baxılması üzrə şöbənin müdiri Heydər Abbasovun verdiyi cavaba görə bu tədbir müəyyən müddət üçündür. Hal-hazırda “Azərsu” köhnəlmiş su borularının dəyişdirilməsi, eləcə də bu rayonun ərazisində su təchizat şəbəkəsinin genişləndirilməsi ilə əlaqədar işlər aparır.
“Biz suyun verilməsini su borularını dəyişdirmə səbəbindən dayandırırıq. Məlum olduğu kimi onların çoxu sovet dövründə istifadəyə verilib və artıq sıradan çıxıb. Bundan başqa qeyd etmək lazımdır ki, su təchizatı üçün kəsə yollar seçərək, su borularının şəbəkəsini genişləndiririk. Bu artan tələbatı ödəmək məqsədilə edilir.
Axı çoxmərtəbəli evlərin sayı artdıqca abonentlərimizin sayı da artır. Belə şəraitdə biz optimal variantı, qrafiklə su verməyi seçmişik. Saat 11:00-dan 18:00-a qədər suyun dayandırıldığı vaxt əhalinin əksər hissəsi evdən kənarda, işdə olur. Səhər və axşam saatlarında isə su dayandırılmadan verilir.
Anlamaq lazımdır ki, işin həcmi böyükdür və bir gün ərzində bunu həll etmək mümkün deyil. Amma “Azərsu”nun bu gün gördüyü işin nəticəsi gələcəkdə 24 saat fasiləsiz su təchizatı üçün imkan yaradacaq”, - H.Abbasov deyib.
Gülnarə Zeynalova
www.oxu.az