Kubra Məhərrəmova yazır...
Həqiqətənmi, polis meqapolis olmayan balaca Tovuzda bu cinayəti törədəni və ya törədənləri tapa bilmir? Amma gecə bir kişi bir qadının evinə qonaq gəlsə, sabah bu barədə bütün Azərbaycan biləcək.
Noyabrın 21-də Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndində yoxa çıxan 10 yaşlı Quliyeva Nərmin Şərif qızının yanmış cəsədi yanvarın 6-da təxminən saat 21:00-da tapılıb.
Polisin məlumatına görə, cəsəd Nərminin yaşadığı evdən 300 metr məsafədə aşkarlanıb. Deməli, kənddə uşaq yox olub, noyabr ayından axtarıblar. Heç meyitini də tapmayıblar. Çünki meyiti Nərminin yaşadığı evə yaxın atıblar. Dəhşətdir?! Hə!
Deməli, balaca kənddə belə, hamının bir-birini tanıdığı toplumda rahatlıqla uşaq itə bilər. Və gördüm deyən olmayacaq. Hamı kor, kar, lal olacaq. Polis də tapa bilməyəcək. Amma biri eyvanında divara bir dənə mismar vursa, hamısı tökülüb gələcək ki, bəs mismarı divara vurmağa icazən var, ya yox.
Nərminin 10 yox, 15 yaşı olsaydı, nəyə deyirsiniz and içirəm, cammaat deyəcəkdi ki, “ayağı sürüşkən” olub, ona görə də öldürüblər. Yəni bizim millətin başı bura qədər işləyir. Bu absurdun mahiyyətinə varın! Bu dəhşətin məğzinə varın! Cəmiyyəti belə xəstə olanın canisi də belə vəhşi olar! Heç kim də yaxasını kənara çəkməsin.
Ədalət var ki?! Mən İlahi ədalətə inanmıram! Çünki 10 yaşlı qız uşağını öldürən, sonra da yandıran caniyə hansı cəza verilməlidir ki, ədalət bərpa olunsun? Onun özümü yandırılmalıdır, əzizlərimi? Bilmirəm. Bircə onu bilirəm ki, günahsız körpə məhv edilib. Ölümündən qabaq ona təcavüz olunubmu, olunmayıbmı, bunu da bilmirik.
Damarlarını kəsən humanistlər. Bəs hanı sizin fotolarınız? Hanı sizin çağırışlarınız? Fransada terror olanda fotolarını dəyişib ağlayanlar, “Özgecan için mini etek giy” aksiyasına qoşulan oğlanlarımız, haradasınız? Dünənə kimi İran generalı, Süleymani üçün mərsiyə deyib, baş yaran möminlər, haradasınız? Heç biriniz yoxsunuz. Ortada isə 10 yaşlı Nərminin yanmış meyiti var...