Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sumqayıt Kimya Sənaye Parkında yük avtomobillərinin istehsalı müəssisəsi fəaliyyətə başlayacaq
Bu il Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin ("Kartaş Kimya" MMC-nin tikinti kimyəvilərin, "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı yüngül, orta və çoxtonnajlı yük avtomobillərinin istehsalı müəssisələri) fəaliyyətə başlaması nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar avqustun 16-da İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı az, orta və çoxtonnajlı yük avtomobillərinin istehsalı müəssisəsinə media nümayəndələrinin tanışlıq səfəri təşkil edilib.
"Az-Tex-İmport" MMC-nin təsisçisi Samir İbadullayev media mənsublarına müəssisənin tikintisi istiqamətində görülmüş işlər, qarşıda duran hədəflər barədə məlumat verib.
Bildirilib ki, "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı az, orta və çoxtonnajlı yük avtomobillərinin istehsalı müəssisəsinin tikintisi işləri yekunlaşmaq üzrədir:
"Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 90 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 19.2 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə artıq 6 milyon manatdan çox sərmayə qoyulub. İl ərzində 100 ədəd avtomobilin istehsal olunacağı müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək. "Az-Tex-İmport" MMC-yə 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, müəssisənin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır".
Tədbir çərçivəsində İZİA-nın şöbə müdiri Kamran Rəhimli ölkədə fəaliyyət göstərən ümumi sənaye zonalarının, həmçinin Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətindən danışıb. Bildirilib ki, 2013-cü ildən etibarən sənaye zonaları üzrə ümumi investisiya həcmi 7.8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib:
"Sahibkarlar tərəfindən sənaye zonalarına 6.8 milyard manatdan çox investisiya yatırılıb və 10 500-dən çox daimi iş yeri yaradılıb. Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Belə ki, 2015-ci ildən 2024-cü ilin I yarımili də daxil olmaqla sənaye zonalarında 13.5 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4.35 milyard manatlıq hissəsi ixrac edilib.
Həmçinin 2024-cü ilin birinci yarımilində sənaye zonalarında 1.4 milyard manatlıq satış həyata keçirilib, bunun da 476.6 milyonluq hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16.1%, ixracında isə 26.9% təşkil edib.
Diqqətə çatdırılıb ki, Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 6.2 milyard manat olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Parkda hazırda 24 müəssisə fəaliyyət göstərir, bu il daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Yeni fəaliyyətə başlayacaq müəssisələr tərəfindən sənaye parkına ümumilikdə 40 milyon manata yaxın investisiya qoyulmaqla 300-dən artıq əlavə iş yeri yaradılacaq".
Məhərrəm Əliyev
"Sumqayıt Kimya Sənaye Parkı" teqi üzrə xəbərlər
- BYD şirkəti ilə elektrik mühərrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalanıb
- Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə yaşıl layihə həyata keçiriləcək
- Baş nazirdən Sumqayıt Kimya Sənaye Parkı ilə bağlı SƏRƏNCAM
- Azərbaycanda il ərzində 100 ədəd yük avtomobili istehsal ediləcək
- Kamran Rəhimli: "Açılışı olacaq iki müəssisə iki milyon manata yaxın vəsaitə qənaət edib"
Rəylər