Sumqayıtda hamilə qadın xəstəxanada vəfat edib.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıtda iki azyaşlı uşaq anası, 27 yaşlı Zərifə Əliyeva özünü qəfil pis hiss etdiyi üçün yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı onun 8 həftəlik əkiz hamilə olduğu müəyyən edilib.
Qadının vəziyyətinin stabil olmadığı bildirildiyindən, tibbi qərar əsasında hamiləliyin süni pozulması həyata keçirilib. Yaxınlarının iddiasına görə, məhz bundan sonra qadının vəziyyəti kəskin şəkildə ağırlaşıb.
Zərifə Əliyevanın yaxınları bildirirlər ki, xəstəxana rəhbərliyi və tibb personalı əvvəlcə onları vəziyyətin ciddiliyindən xəbərdar etməyib və yalnız daha sonra "başınız sağ olsun" deyərək ölüm xəbərini veriblər.
Ailə baş verənlərdə həkim səhlənkarlığının olduğunu düşünür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sumqayıtda 27 yaşlı qadının abortdan sonra öldüyü iddia edilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib.
Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt Tibb Mərkəzi Sumqayıtda abortdan sonra öldüyü iddia edilən qadın barədə açıqlama yayıb.
Mərkəzdən bildirilib ki, dekabrın 12-də saat 14:00-da 1998-ci il təvəllüdlü qadın 1 nömrəli Şəhər Xəstəxanasının Ginekologiya şöbəsinə kəskin ishal, ürəkbulanma və qusma şikayətləri ilə müraciət edib.
Qeyd olunub ki, anamnezə əsasən, xəstəyə 8 dekabrda 8-9 həftəlik əkiz hamiləlik səbəbi ilə tibbi abort tətbiq olunub, prosedur fəsadsız keçib:
"Müşahidə prosesində xəstənin vəziyyətinin sürətlə ağırlaşdığı, tənəffüs çatışmazlığının inkişaf etdiyi və oksigen saturasiyasının azaldığı qeydə alınıb. Bununla əlaqədar dekabrın 12-də saat 19:30-da xəstə intubasiya edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan laborator müayinələr, o cümlədən qan qazının analizi nəticəsində kəskin laktik asidoz aşkarlanıb, klinik və laborator göstəricilərə əsasən septik şok diaqnozu təyin olunub".
"Dekabrın 13-də saat 10:30-da xəstənin ümumi vəziyyətində kəskin ağırlaşma qeydə alınıb, saat 10:50-də mövcud klinik protokollara uyğun aparılan intensiv reanimasiya tədbirlərə baxmayaraq, poliorqan çatışmazlığı fonunda bioloji ölüm faktı qeydə alınıb", - Tibb Mərkəzindən vurğulanıb.