Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sumqayıtda açılan modul tipli xəstəxana niyə işləmir? - AÇIQLAMA
“Ehtiyac yarandıqca pandemiya ilə mübarizə çərçivəsində tikilən modul tipli xəstəxanalar fəaliyyətə başlayacaq”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-ın Sumqayıtda açılışı olan modul tipli xəstəxananın nə zaman fəaliyyətə başlayacağı ilə bağlı sorğusuna cavab olaraq məlumat verib.
O bildirib ki, hələlik açılışı olan xəstəxanalardan yalnız biri fəaliyyətə başlayıb:
“Bakıdakı modul tipli xəstəxana fəaliyyət göstərir. Sumqayıtda inşa edilən modul tipli xəstəxanaya xəstə qəbulu başlanmayıb. Həmin xəstəxananın nə zaman fəaliyyətə başlayacağı ilə bağlı məlumat yoxdur. Yəqin ki, ehtiyac yarandıqca hər birinin fəaliyyətinə start veriləcək”.
Qeyd edək ki, ölkə başçısının sərəncamına əsasən, respublika ərazisində pandemiya ilə mübarizə çərçivəsində 10 modul tipli xəstəxananın inşa edilməsinə başlanılıb. Artıq dörd modul tipli xəstəxananın açılışı olub.
İlk modul tipli xəstəxananın açılışı mayın 7-də baş tutub və bu tibb müəssisəsi 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərir. Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, Sumqayıtdakı 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanasına təhkim olunan modul tipli tibb müəssisələrinin isə açılışı iyunun 9-da baş tutub.
Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir.
Bundan başqa, daha altı kompleksin isə bölgələrdə inşa edilərək, istifadəyə verilməsi nəzərdə tutulur.
Könül Cəfərli
Rəylər