Sumqayıt sakinləri gecə küçə işıqlarının yanmamasından şikayətçidirlər.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat veriblər.
Onlar bildiriblər ki, gecəyarısından sonra küçə işıqları söndürülür:
"Sahib Qarayev və Üzeyir Hacıbəyov küçələrində, habelə iki küçənin kəsişməsində küçə işıqları gecə söndürülür. Bu səbəbdən də küçə qaranlığa bürünür. İşıq dirəkləri təzə qoyulanda iki il işıqlar hər gün saat 18:00-dan 05:00-a qədər yanırdı. Sonra növbəli rejim tətbiq olundu. Küçədə 10 dirək varsa, onun bir qismi yandırılırdı, bir qismi yox. Daha sonra bu da ləğv edildi. Hər gün saat 02:00-a qədər işıqlar yandırıldı. İndi isə saat 24:00-da işıqlar söndürülür. Yay vaxtıdır, küçəyə çıxanda qaranlıqda gəzmək olmur".
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb:
"Məsələ ilə bağlı aidiyyəti quruma rəsmi qaydada məlumat verilib. Mövcud vəziyyətin araşdırılması və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün müraciət edilib".