Sumqayıt şəhərinin "Asfalt zavod" adlanan ərazisində yaşayan sakinlər yolların bərbad vəziyyətdə olmasından və küçə işıqlandırmasının yoxluğundan şikayətlənirlər.
Sakinlərin sözlərinə görə, ərazidəki yol və işıqlandırma problemi uzun illərdir həllini tapmır. Onlar məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin şikayətlərinə baxılmadığını iddia edirlər.
"2013-cü ildən burada yaşayıram. Bu müddət ərzində bir nəfər də gəlib bizim problemimizlə maraqlanmayıb. Ərazi qəbiristanlığın yaxınlığındadır. Nə işıq var, nə də normal yol. İnsanlar qorxa-qorxa gedib-gəlirlər", - deyə sakinlərdən biri Baku TV-yə bildirib.
Ərazidə yaşayanlar yolun bəzi hissələrinin sakinlərin öz vəsaiti hesabına düzəldildiyini deyirlər. Sakinlərin sözlərinə görə, yağışlı havalarda uşaqların məktəbə gedib-gəlməsi çətinləşir.
"Hər kəsin avtomobili yoxdur. Evdə xəstə olanda təcili yardım çağırırıq, amma yolun vəziyyətinə görə saatlarla gözləməli oluruq", - deyə sakin narazılığını bildirib.
Məsələ ilə bağlı Sumqayıt bələdiyyəsindən bildirilib ki, sözügedən ərazinin asfaltlanması və küçə işıqlarının quraşdırılması 2027-ci ilin tədbirlər planına daxil edilib və işlərin növbəti il ərzində həyata keçirilməsi nəzərdə tutulur.