Suraxanı rayonunun Bahar qəsəbəsinin sakinləri marşrut çatışmazlığından əziyyət çəkirlər.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, qəsəbəyə cəmi bir marşrut xətti işləyir ki, bu da sakinlərin işə gedib-gəlməsinə ciddi problem yaradır.
"Qəsəbədə bu qədər ailə yaşayır, amma 191 saylı marşrut xəttindən başqa qəsəbəyə avtobus işləmir. Şəxsi avtomobili olmayanlar üçün qəsəbədən harasa gedib-gəlmək problemdir. Hər gün taksidən istifadə etmək də mümkünsüzdür. Dəfələrlə müraciət etmişik, bildirmişik, amma problemimizi həll edən yoxdur", - deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hazırda paytaxtda və ətraf ərazilərdə marşrut şəbəkəsi yenidən formalaşdırılır:
"Xüsusən ətraf ərazilərdə əlçatanlığın və ictimai nəqliyyata tələbatın təmin edilməsi istiqamətində işlər aparılır. Görülən işlər çərçivəsində qeyd edilən əraziyə də sərnişin tələbatına uyğun əlavə marşrutların təşkili məsələsinə baxılacaq", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova