"Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 18-də sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.
"Məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb, iddiaların əsassız olduğu müəyyən edilib.
Davam etdirilən tədbirlərlə paylaşımı edən şəxsin həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə olduğu aşkarlanıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir", - deyə məlumatda bildirilir.
Bakının Suraxanı rayonunda yerləşən 87 nömrəli orta məktəbdə dərslərin müvəqqəti olaraq dayandırıldığı iddia olunub.
Bu barədə Oxu.Az-a müraciət daxil olub.
İddialara görə, məktəbin 7-ci sinif şagirdi rus dili müəllimini öldürəcəyi ilə bağlı hədə səsləndirib. Hadisədən sonra təhlükəsizlik tədbirləri çərçivəsində təhsil ocağının bir neçə gün bağlı qalacağı bildirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq həmin tədris müəssisəsindən bildirilib ki, 18 aprel 2026-cı il tarixində axşam saatlarında sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.
"Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır", - deyə məlumatda bildirilir.