"Kino Agentliyi olaraq bizim əsas məqsədimiz birbaşa kino çəkmək deyil, kino çəkənlər üçün şərait yaratmaqdır. Bunlar fərqli-fərqli şeylərdir. Burada istehsalçılara qədər yenə də bir neçə təchizat olmalıdır. Burada Kinematoqrafçılar İttifaqının və eyni zamanda gildiyaların çox böyük rolu var. Çünki burada ictimai nəzarət, monitorinq və s. funksiyalar mühüm əhəmiyyət daşıyır".
Bunu Oxu.Az-a müsahibəsində Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) direktoru Rəşad Əzizov deyib.

- Rəşad müəllim, ARKA kino sahəsində əsas prioritetləri necə müəyyənləşdirir?
- Hazırda kino sahəsində həyata keçirilən islahatların bir neçə əsas hədəfi var. Bu hədəflərdən biri də geniş ictimaiyyəti baş verən proseslər barədə məlumatlandırmaqdır - yəni kino sahəsində hansı dəyişikliklər gedir və bu dəyişikliklər hansı istiqamətdə inkişaf edir. Çünki kinonun inkişafı hazırda cəmiyyət üçün son dərəcə vacib olan bir məsələdir. O, həm təbliğat, həm tərbiyə, həm də yeni nəslin formalaşması baxımından güclü təsir alətlərindən biridir. Bu səbəbdən biz bir neçə istiqamət üzrə həm infrastrukturun genişləndirilməsi, həm insan kapitalının inkişafı və həm də maliyyə resurslarının cəlb edilməsini gündəmə gətiririk.
Əsas məqsədlərimizdən biri kino ekosisteminin formalaşdırılmasıdır. Bu yanaşma Mədəniyyət Nazirliyinin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Əvvəllər kino sahəsində dövlət əsas istehsalçı rolunda çıxış edirdi, bu gün isə dünya trendlərinə uyğun olaraq müstəqil kino istehsalının inkişafı prioritet məsələdir. Artıq dünya kino sənayesinə uyğun olaraq yeni prodüser şirkətləri yaranır, müstəqil yaradıcılar fəaliyyət göstərirlər. Dövlət isə bu prosesdə onlara maliyyə, təbliğat və inzibati dəstək göstərməlidir və bu dəstək mexanizmləri şəffaf, effektiv və işlək olmalıdır. Bizim əsas məqsədimiz bu institutlaşma prosesini qısa müddətdə başa çatdırmaqdır. Sistem formalaşdıqdan sonra isə kəmiyyətin keyfiyyətə keçidi təmin olunacaq.
Əlbəttə ki, bütün bu proseslər cənab Prezident tərəfindən təsdiq olunmuş "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyası çərçivəsində həyata keçirilməlidir. Bu ilin ən vacib hədəflərindən biri odur ki, biz cənab Prezidentimizin tapşırığı ilə Audiovizual sənayenin inkişafı üzrə dövlət proqramının layihəsini hazırlayırıq.
Bu sənədin hazırlanmasına ictimaiyyət də cəlb olunur. Biz mütəmadi olaraq qeyri-hökumət sektoru, sənaye nümayəndələri və yaradıcı şəxslərlə görüşlər keçirir, onların gözləntilərini və problemlərini öyrənirik. Məqsədimiz mövcud vəziyyətə uyğun, real və effektiv inkişaf planı hazırlamaqdır.
- Bu gün kinoya ayrılan maliyyə məsələsi tez-tez müzakirə olunur. Sizcə, film istehsalı üçün ayrılan büdcə kifayətdirmi?

- Bu suala cavab vermək üçün məsələyə fərqli prizmadan baxmaq lazımdır. Əsas sual budur: bizim bazarda bir film orta hesabla nə qədər gəlir əldə edə bilir? Mövcud rəqəmlər göstərir ki, bizim çox uğurlu olan layihələri, yəni bir milyon manatdan çox kassa gəliri toplayan filmləri barmaqla saymaq mümkündür. Üstəlik, bu gəlirin təxminən yarısı kinoteatrlara qalır. Nəticədə istehsalçının əldə etdiyi məbləğ o qədər də böyük olmur. Film istehsalına yatırılan vəsait əsasən bu çərçivədə formalaşır. Bu büdcə filmin çəkilməsi üçün kifayət edə bilər, lakin yüksək keyfiyyətin təmin olunması üçün əlavə resurslara ehtiyac yaranır.
Müstəqil prodüserlər tərəfindən çəkilən filmlərlə dövlət dəstəyi ilə istehsal olunan filmlərin büdcələri bəzən çox fərqlənir. Maraqlı məqam odur ki, bu amil filmlərin yayım nəticələrinə proporsional təsir göstərmir. Bu, bizim üçün yeni çağırış yaradır: dövlət tərəfindən maliyyələşdirilən filmlərin kinoteatrlar şəbəkələrində və digər yayım kanallarında distribusiya uğurunu da əsas hədəf kimi müəyyənləşdirməliyik.
Son üç ildə istehsal olunan filmlərin satışı istiqamətində də ciddi addımlar atılıb. Filmləri artıq kanallara, striminq platformalarına satırıq. Bir neçə gün əvvəl təqdimatı olan "Akinak" filminin böyük ekranlara çıxışı may ayından nəzərdə tutulur. Bu da bizim üçün çox vacib amildir.
- Rəşad müəllim, böyükbüdcəli filmlərin istehsalı üçün hansı maliyyə həddi optimal hesab olunur?
- Konkret rəqəmlə desək, irimiqyaslı filmlərin ərsəyə gəlməsi üçün bir layihənin büdcəsi azı bir milyon manatdan yuxarı olmalıdır. Əlbəttə büdcə nə qədər yüksək olarsa, nəticədə əldə olunan məhsul da bir o qədər keyfiyyətli olacaq. Həmçinin, dövlət dəstəyi ilə yanaşı, özəl investisiyaların təşviqi də xüsusi əhəmiyyət kəsb edir.
Lakin burada əsas məsələ yalnız maliyyə deyil; ən əsas məsələ odur ki, bu filmləri kimlər çəkirlər? Son üç ildə yaşadığımız bu maliyyə reallığında insan kapitalı, peşəkar kadrlar və müasir mütəxəssislər zəruri tələblərə cavab verməlidirlər.
- İnsan resurslarının çatışmazlığı kino sektoruna necə təsir edir?
- Biz yalnız yerli bazarla kifayətlənmirik, eyni zamanda xarici istehsalçıları da ölkəyə cəlb edirik. Onların tələblərinə uyğun infrastruktur və ya kadr potensialı da formalaşdırmaq lazım gəlir. Bu səbəbdən, hazırda əsas prioritetlərimizdən biri məhz insan resurslarının inkişafıdır. Hesab edirik ki, bu resursların inkişafı filmlərin keyfiyyətinə birbaşa təsir göstərəcək.
- Özəl sektorun kino sahəsinə cəlb olunması ilə bağlı mövqeyiniz necədir? Ümumiyyətlə, özəl sektorla bağlı hansısa müəyyən meyarlarınız varmı?
- Əlbəttə ki, özəl sektorun iştirakı bizim üçün çox vacibdir. Bu sahədə fəaliyyət müəyyən meyarlar əsasında tənzimlənir. Çox zaman bizə deyirlər ki, ARKA kino çəkməlidir. Kino Agentliyi olaraq bizim əsas məqsədimiz birbaşa kino çəkmək deyil, kinoçəkənlər üçün şərait yaratmaqdır. Bunlar fərqli-fərqli şeylərdir. Bizimlə istehsalçıların arasında bir neçə təsisat olmalıdır. Bu işdə Kinematoqrafçılar İttifaqının və gildiyaların çox böyük rolu var. Çünki ictimai nəzarət, monitorinq və s. funksiyalar mühüm əhəmiyyət daşıyır. Hazırda Kino Agentliyi bir çox komissiyaların fəaliyyətini təmin edir. Bura bədii keyfiyyətə nəzarət, yayım, film komissiyaları aiddir. Həmin komissiyalarda müstəqil ekspertlərdən ibarət təcrübəli insanlar fəaliyyət göstərirlər. Amma komissiya müstəqil olsa belə, bir çoxları onların fəaliyyətini yenə də birbaşa Kino Agentliyi ilə bağlayır və biz bu məsuliyyətdən qaçmırıq. Əsas məqsədimiz odur ki, proses şəffaf olsun.
Bu yeni sistem özəl sektor üçün sahəiçi fəaliyyəti, o cümlədən, kommersiya layihələrini proqnozlaşdırılan edir. Biznes yeni münbit şərait taparaq, bütün sənayenin inkişafına təkan verir. Yalnız üç il ərzində 1500-dən artıq yeni iş yeri yaradılıb, sektorun həcmi iki dəfə artıb. Bu dinamikanın əsas səbəbi institusional islahatlardır: Dövlət artıq bu sahədə istehsalçı rolunu kənara qoyaraq, tənzimləmə siyasətinə fokuslanıb. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən ARKA isə kino sahəsində əsas dövlət tənzimləyicisi olaraq hökumətin qarşısında bu prosesi gündəmdə və diqqətdə saxlamalı, bunun üçün əlavə resurslar cəlb etməlidir.
- Sizcə, bu inkişaf necə baş verməlidir?
- Proses inqilabi deyil, təkamül yolu ilə getməlidir. Dəyişikliklər zamanla toplanır və müəyyən mərhələdən sonra sıçrayış baş verir. İlk filmlərdən dərhal beynəlxalq səviyyəli nəticələr gözləmək üçün çox böyük optimist olmaq lazımdır. Əgər daha böyük büdcələr cəlb olunarsa və xarici mütəxəssislər qoşularsa, proses sürətlənə bilər. Lakin biz daha çox yerli mütəxəssislərə etimad göstərmək yolunu seçmişik. Bu, çətin, amma orta müddətdə yaxşı nəticə göstərəcək bir yoldur.
Bu ildən əsas hədəflərimizdən biri istehsalın həcmini artırmaqdır. Artıq qarşıya qoyulan məqsəd ildə ən azı 10 tammetrajlı bədii filmin istehsalıdır. Keçmişdə ildə 7-8 filmin çəkildiyi dövrlər olub. İndi isə kəmiyyət baxımından artım var, növbəti mərhələdə əsas gözlənti keyfiyyətin yüksəldilməsidir. Keyfiyyət isə artıq kinoteatrlarda, televiziya kanallarında və digər platformalarda tamaşaçı tərəfindən qiymətləndiriləcək.

- Rəşad müəllim, kino sahəsində çalışan şəxslərin ssenari məsələsi ilə bağlı iradlarına münasibətiniz necədir? Məsələn, tez-tez belə fikirlə rastlaşırıq ki, keyfiyyətli ssenari olsa, daha yaxşı filmlər çəkilər.
- Bu istiqamətdə də müvafiq layihələr həyata keçirilməlidir. Məsələn, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzimizdə "ssenari laboratoriyaları" layihəsi var, eyni zamanda, ssenarilərin təkmilləşdirilməsi proqramları üçün xarici mütəxəssislər cəlb edilirlər. Bu proses davamlı olmalıdır.
Bəli, güclü ssenari yaxşı film ərsəyə gətirmək üçün əsas şərtlərdən biridir. Bilirsiniz, bizim sənətkarlarımız vizual sənəti çox yaxşı bilirlər, amma tamaşaçı məhz məzmunu, hekayəni gözləyir. Uğurlu filmin əsasında hər zaman güclü hekayə dayanır. Bununla belə, müəllif kinosunda yaradıcı azadlığa müdaxilə etmək düzgün yanaşma deyil. Bu səbəbdən, bizim bədii şuramız yaradıcılıq fəaliyyətini qiymətləndirərkən müəyyən "qırmızı xətlər"i nəzərə alır. Cəmiyyətdə uyğun hesab olunmayan mövzular mövcuddur, lakin bəzi məsələlər də var ki, onların düzgün rakursdan təqdim olunması vacibdir. Ümumilikdə, müəllif kinosunda əsas məqsəd yaradıcı şəxsi, yəni müəllifi dəstəkləməkdir.

Dövlət sifarişi isə fərqli yanaşma tələb edir. Bu halda məzmun birbaşa dövlət tərəfindən müəyyənləşdirilir və hər bir detal - cümlə, fikir və yanaşma xüsusi diqqətlə işlənilməlidir. Nəzərə almaq lazımdır ki, bu model kino istehsalında yeni tətbiq olunmağa başlayıb. 2023-cü ildən etibarən formalaşan ilkin mərhələ artıq yekunlaşıb və hazırda kəmiyyətdən keyfiyyətə keçirik. Ona görə bədii şuramız mərhələli qiymətləndirmə sistemini tətbiq edir. Yəni layihəyə cəlb olunan şirkətlərin ssenarisi ilkin mərhələdə tam şəkildə razılaşdırılmalı və bütün detallar əvvəlcədən dəqiqləşdirilməlidir.
Mühüm fərq ondan ibarətdir ki, dövlət sifarişi daha sərt tələblərlə müşayiət olunur, dövlət dəstəyi isə nisbətən daha çevik və rahat mexanizmlərlə həyata keçirilir. Birgə istehsal layihələrində isə daha fərqli və elastik yanaşmalar tətbiq edilə bilər.
- Müasir dövrdə texnologiyanın, xüsusilə süni intellektin sürətli inkişafı kino sahəsinə də təsirsiz ötüşmür. Artıq süni intellekt vasitəsilə tarixi materialların canlandırılması, yeni vizual həllərin yaradılması mümkün olur. Kinoya süni intellektin gəlməsi hansısa dilemma yaratmır ki?
- Hesab edirəm ki, burada heç bir dilemma yoxdur. Süni zəkanın artıq həyatımızın tərkib hissəsinə çevrilməsi dilemma yaratmır, əksinə, bizi yeni, effektiv bir alətlə təmin edir. Əsas prinsip ondan ibarətdir ki, prosesin mərkəzində insan dayanmalıdır. Süni intellekt yaradıcı insanı əvəz etmir, onun imkanlarını genişləndirən vasitəyə çevrilir. Bu da o deməkdir ki, süni zəka insanlara xidmət etməlidir. Əgər hər hansı yaradıcı proses süni intellekt vasitəsilə daha effektiv və keyfiyyətli icra oluna bilirsə, niyə də yox? Əgər həmin işi insan daha yaxşı görə bilirsə, o zaman biz insanı heç bir halda prosesdən çıxarmamalıyıq. Bu balansın qorunması çox vacibdir. Mənim fikrimcə, biz ənənəvi kino istehsalına dəstək verməklə yanaşı, orta perspektivdə yeni texnologiyalara əsaslanan kino sənayesinə üstünlük versək, yanılmarıq.
- Rəşad müəllim, siz qeyd etdiniz ki, ARKA kino çəkmir, kinoçəkənlərə dəstək olur. Amma yenə də çox tez-tez belə bir sualla rastlaşırıq - ARKA-ya kimlər müraciət edə, onun imkanlarından kimlər yararlana bilərlər?

- Bizim əsas kontingentimiz əlbəttə ki, peşəkar kinematoqrafçılardır. Söhbət rejissorlardan, bəstəkarlardan, aktyorlardan gedir. Agentliyin dəstəyi yalnız film istehsalı ilə məhdudlaşmır. Biz eyni zamanda müxtəlif bacarıqların artırılması, təbliğat və inkişaf layihələrini də əhatə edirik. Məsələn, əgər azərbaycanlı aktyor hazırda başqa bir ölkədə fəaliyyət göstərirsə, bu da agentlik üçün maraqlı məqamdır və biz onlara hərtərəfli dəstək göstərməyə çalışacağıq. Bunun üçün müvafiq proqramlar da işlənilir.
Əsas dəyişikliklərdən biri də ondan ibarətdir ki, əvvəllər dövlət studiyalarında çəkilişlər zamanı dövlət birbaşa rejissorla işləyirdisə, indi bu proses agentlik vasitəsilə həyata keçirilir. Rejissorla Agentlik arasında özəl prodüser şirkətləri dayanır və istehsalat prosesi məhz bu şirkətlərin üzərindən qurulur. Nəticədə kino istehsalatı prosesində hərtərəfli sağlam rəqabət mühiti formalaşır. Bu yanaşma isə proqnozlaşdırılabilən bir cədvəlin formalaşdırılmasına imkan yaradır. Çünki kino istehsalı biznes modelinə çevrilirsə, bütün mərhələlər əvvəlcədən planlaşdırılmalı və şəffaf şəkildə idarə olunmalıdır.
Bu məqsədlə ilin müxtəlif dövrlərində müsabiqələrin keçirilməsi, dövlət sifarişləri və dəstək mexanizmləri vahid çərçivəyə salınır. Şəffaflıq əsas prinsip kimi götürülür və müraciət edənlər üçün aydın qaydalar müəyyənləşdirilir. Çünki müsabiqələrə eyni vaxtda çox fərqli layihələr təqdim olunur və onların müqayisəsi bədii şura üçün kifayət qədər çətin olur. Fərqli istiqamətlər üzrə ayrıca mexanizmlərin olması isə prosesi daha səmərəli edir.
Dövlət sifarişləri çərçivəsində əsasən daha təcrübəli şirkətlərlə işləməyə üstünlük verilir. Bunun səbəbi dövlət büdcəsi vəsaitlərinin istifadəsində risklərin yüksək olması və maliyyə şəffaflığının xüsusi əhəmiyyət daşımasıdır. Dövlət dəstəyi proqramlarında isə daha geniş kütlənin cəlb olunması hədəflənir və müxtəlif rejissorların layihələrinə imkan yaradılır. Hazırda 30-yə yaxın rejissor öz layihələri üzərində çalışır. Bu layihələr arasında həm müəllif, həm də digər janrlarda filmlər yer alır.
- Rəşad müəllim, kino cameəsində müzakirə mövzularından biri də çəkilən filmlərimizin xarici festivallarda iştirakı məsələsidir. Sosial şəbəkələrdə bu sahədə fəaliyyət göstərən yaradıcı insanların fikirlərini oxuyanda belə bir ümumi nəticəyə gəlmək olur ki, çəkilən filmlərimizin xarici festivallara gedən yolu o qədər də hamar deyil. Bu baxımdan maraqlıdır, ARKA-nın xarici festivallarda iştirakla bağlı hansısa strategiyası varmı?
- Bu istiqamətdə biz iki paralel xətt üzrə fəaliyyət göstəririk. Birinci xətt istehsalla bağlıdır. Yəni əgər biz artıq film istehsalını təmin ediriksə, növbəti mərhələdə həmin filmlərin təbliği xüsusi əhəmiyyət kəsb etməlidir. Bu məqsədlə müvafiq işçi qrupumuz fəaliyyət göstərir və bu ildən etibarən hər film üçün ayrıca yol xəritəsi hazırlanır.
Keçən il bu sahədə uğurlu nəticələr əldə olundu. Rejissor Hilal Baydarovun filmi müsabiqədənkənar da olsa, Venesiya Beynəlxalq Film Festivalının proqramına daxil edildi. Ümid edirik ki, bu il belə uğurların sayı daha da artacaq və Azərbaycan filmləri müxtəlif kateqoriyalı beynəlxalq festivallarda daha geniş təmsil olunacaqlar.

İkinci xətt isə dövlət dəstəyi olmasa belə, yerli rejissorların beynəlxalq festivallarda iştirak imkanlarının genişləndirilməsi ilə bağlıdır. Bu istiqamətdə də işlər aparılır və arzu edirik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birlikdə vahid strategiya formalaşdırılsın. Çünki dəstək mexanizmləri sonradan qoşula bilər, lakin standartlar və meyarlar birgə müəyyən edilməlidir.
Bundan əlavə, artıq kino bazarlarında iştirak məsələsinə xüsusi diqqət ayrılır. Əvvəllər bu sahəyə o qədər də önəm verilmirdi. Halbuki, məhz bu platformalarda filmlərin distribusiyası genişləndirilir, digər ölkələrə satışı təmin olunur. Bu məqsədlə biz beynəlxalq kino marketlərinin əks olunduğu müvafiq cədvəl hazırlamışıq. Maraqlı tərəflər həmin platformalarda Azərbaycan stendləri ilə iştirak edə bilərlər. Burada həm dövlət dəstəyi ilə istehsal olunan, həm də müstəqil prodüserlərin filmlərinin satışı həyata keçirilir. ARKA tərəfindən dublyaj və distribusiya sahəsində dəstək mexanizmləri də nəzərdə tutulur.
Ölkəmizdə xarici istehsalçıların cəlb olunmasını təşviq edən proqram həyata keçirilir. Prezidentin sərəncamı ilə yaradılmış və Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilmiş çəkiliş xərclərinin qismən geri ödənişi mexanizmi artıq qüvvədədir. Bu proqram həm yeni layihələrin yaranmasına, həm də yerli mütəxəssislər üçün əlavə iş imkanlarının açılmasına şərait yaradır. Ümumilikdə isə Azərbaycanın beynəlxalq səviyyədə tanıdılmasına ciddi töhfə verir. Son iki ildə ölkə ərazisində çəkilmiş filmlərdən kino iqtisadiyyatımıza milyonlarla ABŞ dolların daxil olması və xaricdə onmilyonlarla tamaşaçı tərəfindən izlənilməsi də bunun göstəricisidir.