Sentyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XVIII Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlar İttifaqının I Qurultayının açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, qurultay Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilati dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Türk Dünyası Bəstəkarlar İttifaqının I Qurultayı yaradıcı potensialın birləşdirilməsinə, gənc müəlliflərin dəstəklənməsinə və türk dünyasının zəngin musiqi irsinin təbliğinə xidmət edən beynəlxalq əməkdaşlıq məkanıdır. Nazir müavini qurultayın yeni ideyaların və əsərlərin yaradılmasına əhəmiyyətli töhfə verəcəyinə, həmçinin uzunmüddətli yaradıcı əməkdaşlığın əsasını qoyacağına əminliyini ifadə edib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova zəngin mədəni irsin yeni əsərlərin yaradılması, peşəkar əməkdaşlıq və beynəlxalq mədəni dialoq üçün mənbəyə çevriləcəyi canlı musiqi məkanı yaratmaq niyyətini ifadə edib.
Onun sözlərinə görə, Bakıda keçirilən qurultayı və Türk Dünyası Bəstəkarlar İttifaqının (Turkic Union of Composers, TUC) yaradılması türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açır.
"Azərbaycan görkəmli bəstəkarlıq məktəbi və zəngin musiqi ənənələri ilə türk dünyasının yaradıcı potensialının birləşdirilməsinə və dünya auditoriyasına təqdim edilməsinə yönəlmiş yeni beynəlxalq platformanın təşəbbüskarı kimi çıxış edir. İlk qurultay uzunmüddətli beynəlxalq proqramın başlanğıcı olacaq", - deyə Aktotı Raimkulova qeyd edib.
ISESCO-nun Bakı Regional Ofisinin direktoru Abdulhəkim Əl-Sənan bildirib ki, ISESCO ilə Azərbaycan arasında çox sıx əməkdaşlıq qurulub. Bakı ofisi bu əməkdaşlığın inkişafında xüsusi rol oynayır. O vurğulayıb ki, qurultayın Üzeyir Hacıbəyov Beynəlxalq Festivalı çərçivəsində keçirilməsi təsadüfi deyil.
"Üzeyir Hacıbəyov Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb. O, bizə göstərdi ki, mədəniyyət milli kimliyin qorunması üçün fundamental anlayışdır. Üzeyir Hacıbəyovun yaradıcılığı bir daha bütün dünyaya sübut edir ki, musiqi müxtəlif mədəniyyətlərdən, müxtəlif dillərdən və hətta müxtəlif nəsillərdən olan insanları birləşdirir", - deyə o əlavə edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə türk dünyası ölkələri arasında dərin musiqi əlaqələrinin olduğunu vurğulayıb. O qeyd edib ki, bu məsələ uzun illər ərzində UNESCO çərçivəsində keçirilən görüşlərdə müzakirə olunub və türk dünyasının musiqişünaslarının birləşdirilməsi təşəbbüsü irəli sürülüb.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib ki, türk dünyasının bəstəkarları müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb, ümumi musiqi irsinin qorunması və inkişafı, yaradıcı əlaqələrin genişləndirilməsi məsələlərini, eləcə də gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Artık Toksanbayev bəstəkarların əsərlərinin beynəlxalq səviyyədə təbliği üçün müasir türk musiqisinin kataloqunun yaradılmasını təklif edib. O, həmçinin lisenziyalaşdırma sahəsində dünyanın ən böyük nəşriyyatları, festivalları, peşəkar agentlikləri, studiyaları və təşkilatları ilə əməkdaşlığın tərəfdarı olduğunu bildirib.
Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının baş direktoru Muratbek Beqaliyev isə qurultayın 1926-cı ildə Bakıda keçirilmiş I Ümumittifaq Türkoloji Qurultayın yüzilliyində keçirilməsinin simvolik olduğunu qeyd edib.
"Həmin qurultay türk xalqlarının elmi, mədəniyyəti və yazı tarixində epoxal hadisəyə çevrildi. Bu gün burada 100 il əvvəl qoyulmuş ənənələr davam etdirilir", - deyə o vurğulayıb.
İstanbul Universiteti Dövlət Konservatoriyasının musiqişünaslıq kafedrasının rəhbəri Abdullah Akat çıxışında belə bir sual qoyub: ortaq dilə malik olmadan ortaq bəstəkarlıq əsasları yaratmaq mümkündürmü?
O vurğulayıb ki, türk ölkələri bəstəkarlarının musiqisini öyrənmək, eləcə də uşaqlar üçün musiqi yaratmaq vacibdir.
Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev bildirib ki, 2022-2026-cı illərdə Özbəkistanda tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə 28 konsert keçirilib. Onun sözlərinə görə, tərəflər birgə konsertlərin keçirilməsini davam etdirmək və gənc bəstəkar və ifaçılara daha çox diqqət yetirmək niyyətindədirlər.
Türkmənistanın Əməkdar incəsənət xadimi Rovşen Nepesov qurultayın əhəmiyyətindən və onun uğurlu nəticə verəcəyinə ümidindən danışıb. Macarıstanlı musiqişünas Şandor Sabo da Türk Bəstəkarları İttifaqının yaradılmasının və türk dünyası ölkələrinin klassik musiqisinin populyarlaşdırılması istiqamətində addımların müzakirə edilməsinin əhəmiyyətini vurğulayıb.
Qurultay musiqi sahəsində türk dövlətlərinin birgə layihələrinin və əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.