"Bir milli dövlət suverenliyini əldə etməklə öz ərazisinin hər bir qarışında xalqın iradəsini hüquqi və konstitusion üsullarla yerinə yetirmək qüdrətinə sahib olur".
Bu sözləri Qarabağda antiterror tədbirlərinin üçüncü ildönümü ərəfəsində Oxu.Az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, Suverenlik Günü bir xalqın əldə etməyə çalışdığı ən böyük hüquqi-siyasi statusdur:

"Suverenlik Günü Azərbaycanın ən yeni dövlət bayramlarından biri olsa da, 200 illik problemin həllini də özü ilə bərabər gətirən bir tarixdir. Çünki Azərbaycan xalqının siyasi iradəsi 1805-ci il Kürəkçay müqaviləsi ilə, Şuşanın və Qarabağın işğala məruz qalması ilə bu ərazilərdən kənarda qalmışdı.
Bir qədər bu günün, bu tarixi hadisənin əhəmiyyətinə vardıqda aydın olur ki, biz, sadəcə, parlaq bir hərbi Zəfərdən, parlaq bir Qələbədən danışmamalıyıq. Həm də gələcəkdə bir daha Azərbaycanın öz suveren hüquqlarını itirməməsi üçün ardıcıl olaraq, məqsədyönlü şəkildə həyata keçirilən hüquqi-siyasi prosedurlardan və onların necə gerçəkləşdirilməsindən danışmalıyıq".
Onun sözlərinə görə, Suverenlik Gününü təhlil edərkən həm tarixi kontekstdə, həm hüquqi-siyasi kontekstdə, həm də Ermənistan və Azərbaycan münasibətlərinin gələcəyi perspektivində bir neçə məsələni xüsusi ardıcıllıqla qeyd etmək lazımdır:
"Azərbaycanda yaşamış olan ermənilər Azərbaycan ərazisində, nə də ondan kənarda yaşasalar belə, Azərbaycana ərazi iddiası qaldırmamaları üçün üzərlərinə öhdəlik götürürlər.
İkincisi, 1923-cü ildə yaradılmış qondarma qurum S.Şahramanyan tərəfindən ləğv edilir. Dolayısı ilə burada qeyri-legitim şəkildə yaradılan süni bir təsisat həmin təsisatın rəhbəri tərəfindən ləğv edilir. Yəni bunun qeyri-legitim olması ermənilərin özləri tərəfindən etiraf edilir və bu qondarma qurum ləğv edilir.
Bu nə üçün vacib idi? Ona görə vacib idi ki, gələcəkdə Azərbaycana qarşı haradasa təşkilatlanaraq Azərbaycan ərazilərinə nə hüquqi kontekstdə, nə siyasi kontekstdə, nə də beynəlxalq məhkəmələr vasitəsilə məhkəmə kontekstində heç bir iddia etmək mümkün olmasın.
Əldə olunan razılaşmada qeyd olunur ki, 2024-cü il yanvarın 1-nə qədər qondarma qurumun tərkibində olan bütün dırnaqarası təsisatların hamısı ləğv edilsin, onların fəaliyyəti dayandırılsın. Beləliklə, gələcəkdə bu süni təsisatın heç bir hüquqi əlaməti qalmasın.
Amma bunun müqabilində həm də Azərbaycan tərəfi həmin razılaşmada irəli sürmüşdü ki, ermənilər yalnız Azərbaycan tərəfinin təqdim etdiyi reinteqrasiya proqramı çərçivəsində Azərbaycanda yaşamaq hüququ əldə edə bilərlər. Azərbaycan bunu rədd etmir və bunun üçün də xüsusi portalda müraciət etməklə fərdi qaydada Azərbaycanda yaşamaq hüququ əldə edə bilərlər. Bu da şübhəsiz ki, etnik separatçı olmayan, Azərbaycana qarşı cinayət törətməyən ermənilərə şamil ediləcək bir statusdur. Məsələnin mahiyyəti budur".
Deputat əlavə edib ki, Suverenlik Günü haqqında danışanda bunları xatırlamalıyıq, amma xatırlamaqla kifayətlənməməliyik:
"Bunları həm də yeni nəslin maarifləndirilməsində mürəkkəb, xüsusi tezislər kimi istifadə etməliyik. Çünki Azərbaycanın 2023-cü il 20 sentyabr zəfəri həm hərbi-strateji, həm də siyasi-diplomatik baxımdan mühüm qələbədir. Bu gün qazandığımız Zəfərlə fəxr edirik. Lakin bu qələbəni qorumaq və suverenliyimizin bir daha pozulmasına yol verməmək üçün həm biz, həm də gələcək nəsillər həmrəy olmalı, dövlətimizi daha da gücləndirmək uğrunda yorulmadan çalışmalıyıq".