Bakı Slavyan Universitetinin (BSU) 4-cü kursda tərçüməçi ixtisası üzrə təhsil alan Əhmədov Tural İsmayıl oğlu ali təhsilini yarımçıq qoyaraq, döyüşmək üçün vətəndaş müharibəsinin davam etdiyi Suriyaya yola düşüb.
Oxu.Az xəbər verir ki, gəncin itkin düşməsindən sonra bu istiqamətdə araşdırmalara başlayan Movqe.az saytının əməkdaşı, maraqlı faktlarla qarşılaşıb və həmçinin gəncin anası ilə söhbət edib.
Hazırda Azərbaycandan bəzi gənclərin Suriyaya döyüşmək üçün yollandıqlarını və mövzunun çox aktual olduğunu nəzərə alaraq, Şəlalə ananın oğlunun bu ölkəyə getməsi barədə Movqe.Az-a danışdıqlarını təqdim edirik:
“Doğru xəbərdir balam 10 aydır ki, yoxdur. 10 aydır ki, bağrıma daş basıb oturub onun yolunu gözləyirəm. 10 aydır ki, gözlərim yollarda balamı gözləyirəm. 22 ildir ki, böyüdüb boya-başa çatdırdığım balamın qoxusunu evdə qoyub getdiyi paltarlarından alıram. Bilmirəm sən də anasan yoxsa yox. Əgər anasansa baladan ayrı qalmağın ana üçün nə demək olduğunu gərək ki, anlayasan.
Mənim balam ötən ilin aprel ayının 1-dən evdən çıxıb bir daha geri qayıtmayıb. Evdən gedəndə idmana gedirəm ana dedi. Axşam saat 11 oldu geri qayıtmadı. Telefonuna zəng etdik cavab gəlmədi. Anayam axı dəli oldum ki, bəlkə balamın başına bir iş gəlib.
Tez polisə məlumat verdim. 5-6 gün xəbər çıxmadı balamdan. Baxdım ki, xarici pasportunu götürüb özü ilə. Bir gün zəng gəldi telefona. Tural idi. Dedi ki, ana mən artıq Türkiyədəyəm. Gürcüstan vasitəsilə sərhədi keçib Türkiyəyə gedibmiş. Soruşdum bala orda neyniyirsən? Axı sən tələbəsən dərslərin yarımçıq qalıb. Dedi ki, ana haqqını halal elə. Mən Suriyaya döyüşməyə gəlmişəm. Cihada.
Çox yalvarıb-yaxardım. Dedim ki, sənə haqqımı halal etmərəm geri dön evimizə. Dedi ki, mümkün deyil, geri dönməyim. Telefonda nə qədər ağlayıb, yalvarıb-yaxardımsa xeyiri olmadı. Telefonu bağladı. Ondan sonra bir müddət yenə əlaqə kəsildi. Arada skayp vasitəsilə əlaqə saxladı. Dedi ki, təlim bölgəsindədir. Təlim keçirlər. Özü də deyirdi ki, təlim bitdikdən sonra Suriyaya gedəcəyindən əlaqə saxlamaq mümkün olmayacaq.
Neçə aydır ki, səsini belə eşitmirik. Bilmirik hardadı, ölüdü, sağdı xəbərimiz yoxdur. İnterpola da axtarışa vermişik. İndi bircə arzum var. Balamın yerini öyrənib onun yanına gedib boynuna sarılmaq. Bəs deyincə qoxusunu içimə çəkmək. Atası ilə onun həsrətindən əriyib kül olmuşuq. Gözümüz yolda qalıb qulağımız səsdə. Allah uzaq eləsin. Suriyada döyüşlərdə nə qədər azərbaycanlı gənclər ölür. Neçə-neçə ananın gözü yaşlı qalıb. Baxın indi mən də o analardan biriyəm.
Onlardan bircə fəqrim oğlumun ölü yaxud diri olmasından xəbərsiz olmağımdır. Burdan, sizin sayt vasitəsilə oğluma səslənirəm. Əgər məni, atanı az da olsa sevirsənsə, bizim haqqımızı boynunda hiss edirsəndə geri dön, evinə dön Tural, yalvarıram sənə. Əziz balam sən ölümlə üz-üzə durduqca biz evimizdə rahat çörəyimizi yeyib yata bilmərik, bunu başa düş.
Sən cihad deyib Suriyaya gedəndə cənnətin anaların ayaqları altında olduğunu, ana-atanı incitməyin Allah yanında xoş qəbul olunmadığını dərk etmədinmi inanclı balam? Axı ata-anadan hallalıq almadan getmək, onların gözünü yolda intizarda qoymaq Allaha xoş gedən bir hərəkət deyil oğlum.
Sənin beşiyinin başında lay-lay çalan, böyüdüb barını dərəcəyini gözləyən ananın haqqını beləmi verərələr? Səninlə bağlı o qədər arzularım vardı ki. Universiteti bitirdikdən sonra qardaşın kimi işləyəcəyini düşünürdüm. Toyunu düşünürdüm. Vətən qarşısında borcunu yerinə yetirəcəyini düşünürdüm. İndi bütün bunları düşünə-düşünə yolunu gözləyirəm. İnanıram ki, ananın gözünü yollarda naümid qoymayacaqsan. Heç olmasa yerini de bircə dəfə gəlib görüm səni”.
Şəlalə xanım deyir ki, Tural heç vaxt belə bir fikirdə olduğunu ailəsinə deməyib:
“İdmana gedirdi. Orada vəhabi dostlarının olduğunu eşitmişdim. Onlar başdan çıxartdı balamı. Elə bilirsiniz onların göz yaşlı qoyduğu təkcə mənəmmi?. Bir qadın vardı tez-tez zəngləşirdik. O da mənim dərdimdə idi. Onun da oğlunu vəhabi dostları başdan çıxardaraq Suriyaya yola salmışdı. (səsi qırılır, daha sonra telefonun o başından hönkürtü səsi gəlir).
Şəlalə xanım deyir ki, ali savadlı dil-ədəbiyyat müəlliməsidir:
“Bu artıq cəmiyyətin bəlasına çevrilib. Gənclərimizin şüurunu işğal edib Suriyaya istiqamətləndirirlər. Beləcə neçə-neçə ana mənim kimi gözüyaşlı qalıb. İndi mənim bircə istəyim var. Heç olmasa oğlumun yerini öyrənib desinlər bircə dəfə gedib onu görüm. Tək arzum oğlum Turala qovuşmaqdır, bəlkə anasının səsini eşidə”.