Rusiya tərəfi “Bakı-Novorossiysk” boru kəməri ilə Qazaxıstan və Türkmənistandan ixrac olunan nefti nəql edəcək.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Dağıstan Dövlət Televiziyasına istinadən verilən məlumata görə, Rusiyanın “Transneft” şirkəti “Bakı-Novorossiysk” boru kəmərinin bir hissəsi olan “Mahaçqala-Novorossiysk” kəməri ilə Mahaçqala dəniz limanına gətirilən neftin nəql olunması üçün limanın qəbuletmə gücünü genişləndirmək niyyətindədir.
Rusiya şirkəti Mahaçqala limanından gəmilərlə qəbul etdiyi Qazaxıstan və Türkmənistan neftini bu kəmərlə nəql etmək fikrindədir. “Transneft” bununla bağlı “Trafigura” şirkəti ilə danışıqlara başlayıb. Bu şirkət Türkmənistandan gətirilən nefti konsolidasiya edərək bu kəmərlə nəql edəcək.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hələ də “Bakı-Novorossiysk” neft kəməri ilə Azərbaycan neftinin nəqlinə dair Rusiya tərəfi ilə kommersiya razılaşmasını bağlamayıb.
Fevral ayının əvvəlində isə “Transneft” şirkətinin Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqlinə dair bütün səlahiyyətləri bitir. Rusiya şirkətinin nümayəndələri isə müqavilə uzadılmayacağı təqdirdə, boru kəmərinin Mahaçqaladan Novorossiyskə qədər olan hissəsinə Dağıstana gətirilən Mərkəzi Asiya neftini vuracağı ilə bağlı şifahi xəbərdarlıq edib.