"Nərimanov rayonunda, Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində sürücülərin narazılığına səbəb olan problem tezliklə həll olunacaq".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

"Sözügedən kəsişmədə sürücülərin istəkləri nəzərə alınaraq və aparılan təhlillərin nəticəsinə əsasən, sağa dönmək üçün xüsusi hərəkət zolağına qırıq xətlər yaxın günlərdə əlavə olunacaq", - deyə T.Orucov vurğulayıb.
Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində tətbiq edilən yol nişanlanması sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Sürücülərin sözlərinə görə, sözügedən kəsişmədə işıqforun daimi sağa dönmə bölməsi mövcuddur. Lakin iki zolaq arasında 1.7 nişanlama xəttinin olmaması səbəbindən nəqliyyat vasitələri sağ zolaqdan rahat şəkildə dönə bilmir.
Bildirilib ki, mövcud vəziyyət xüsusilə axşam saatlarında, saat 17:00-dan saat 20:00-a qədər daha ciddi problemlər yaradır. Bu zaman sürücülər məcbur qalaraq ikinci zolaqdan sağa dönürlər. Qaydaların pozulması isə 100 manat məbləğində və üç cərimə balı ilə nəticələnir.
Məsələ ilə bağlı qeyd olunub ki, həmin ərazidə 1.7 nişanlama xəttinin çəkilməsi hərəkətin daha təhlükəsiz və rahat təşkilinə kömək edə bilər.
Qeyd edək ki, sözügedən ərazidə 1.7 xəttinin çəkilməsinin nə dərəcədə məqsədəuyğun olması ilə bağlı aidiyyəti quruma sorğu verilib.