Son günlər Şuşadan yayılan görüntülərdə şəhərə səfər edən bəzi yerli turistlərin qaya və daşların üzərinə müxtəlif adlar yazaraq şəhərin tarixi yerlərinə və təbiətinə zərər verdiyi əks olunub.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən isə belə halların ilk olmadığı, maarifləndirmə işləri və cərimələrin nəticə vermədiyi bildirilir.
Burada söhbət yalnız bir daşın üzərinə yazı yazılmasından getmir. Şuşa kimi tarixi şəhərdə təbii qayalar, daşlar, divarlar və digər səthlər şəhərin ümumi simasının bir hissəsidir. Onlara edilən hər bir müdaxilə həmin simaya vurulan zərbədir.
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, şəhid Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasova baş verənlərə münasibət bildirib.
"Bu torpaqlar uğrunda təkcə mənim ailəmdən deyil, bütün el-obadan şəhidlər verilib. İllər keçməsinə baxmayaraq, o oğlanların qanı hələ də həmin torpaqlarda qurumayıb. İnsan nə qədər əxlaqdan kənar olmalıdır ki, gedib o torpaqlarda belə nalayiq hərəkətlər etsin", - Sonaxanım Abbasova söyləyib.
Qazi anası Sevda Əliyeva isə bildirib:
"Gənclərimiz bu torpaqları qanları və canları bahasına azad ediblər. Ərazini zibilləyən, daşları yazan insanlar məsələnin mahiyyətini, bu torpağın dəyərini anlamırlar. Mən həmin ərazilərə addım atmağa belə qıymaram ki, bəlkə, orada bir şəhidimizin qanı var..."