Tanınmış jurnalist Hacı Zeynalovun evi qarət olunub.
Bu barədə Oxu.Az-a kriminal sahə üzrə çalışan jurnalist Hacı Zeynalovun özü məlumat verib.
O bildirib ki, bayramdan bir neçə gün qabaq Abşeron rayonu, Saray qəsəbəsi, Fikrət Əmirov küçəsində yerləşən evindən oğurluq edilib:
“Evi yeni almışdım, müəyyən səbəblərdən sözügedən evdə hələ yaşamırdıq. Ayın 29-u evə gələndə gördüm qapı sındırılıb, evin içərisi dağıdılıb. Televizor, ətçəkən maşın, pul, uşaqların doğum şəhadətnaməsi qarışıq bir çox rəsmi sənədlərimizi aparıblar.
Ümumilikdə 1425 manat məbləğində ziyan vurulub. Məsələ ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102 zəng” xidmətinə məlumat verdim”.

Hadisə yerinə gələn Abşeron rayon Polis İdarəsinin müstəntiqi, kriminalistlər və sahə müvəkkili əraziyə baxış keçirib, jurnalistin ifadəsini alıblar.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Polis tərəfindən oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin müəyyən edilərək aidiyyəti üzrə müvafiq orqanlara təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.
Könül Cəfərli