Rəqqas Nicat Azadlının keçmiş həyat yoldaşı ona qarşı fiziki və psixoloji zorakılıq tətbiq etməsini sosiallaşdırması məsələsinə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, bu barədə, o, öz sosial hesabında paylaşım edib.
Qadın qeyd edib ki, məsələni sosiallaşdırmasına səbəb keçmiş həyat yoldaşının məhkəmə tərəfindən 1500 manat cərimələnməsi və əlavə heç bir cəza verilməməsi olub:
"Qarşı tərəf bildirir ki, mən bunları pula görə etmişəm, mən isə bunu pula görə etməmişəm. O, məni universitetə getməyə qoymayıb və adımdan təhsil tələbə krediti götürməyə məcbur edib. Təhsil haqqımı dövlət ödəyib, amma mənim üzərimə borc yazılıb. Məhkəmə isə onu 1500 manat məbləğində cərimələyib. Onun məni döyməsi, insanların içində təhqir etməsi, saçımdan tutaraq mebelə çırpması və nəticədə ağız-burnumun qanaması, dəfələrlə yolun ortasında məni alçaltması cəmi 1500 manatla ölçülür? Mənim əlimdə onun mənim boynuma hansı borcları yığdığını və mənə nələr yaşatdığını göstərən faktlar, sübutlar var. Bununla bağlı şəkillər də mövcuddur".

Rəqqas Nicat Azadlının həyat yoldaşının ona qarşı fiziki və psixoloji zorakılıq olunduğunu iddia etdiyi hadisə cari ilin yanvar ayının 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfilli verib.
"Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb. Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib", - deyə L.İsrəfilli bildirib.
Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib.
Sözügedən paylaşım sosial şəbəkələrdə sürətlə yayılaraq ciddi rezonans doğurub.
3.5 milyon izləyicisi olan, azyaşlılara rəqs dərsləri keçdiyini reklam edən Nicat Azadlının zorakı hərəkətləri valideynlərdə suallar yaradıb.
Oxu.Az xəbər verir ki, rəqqasın keçmiş arvadının iddiasına əsasən, o, ikinci dəfə hamiləlik dövründə şiddətə məruz qalıb və nəticədə uşağı tələf olub:
"Hər kəsin yaxşı tanıdığı Nicat Azadlı öz ailəsinə qarşı niyə yaxşı olmadı? Hamının vicdanlı bildiyi rəqqas öz uşağına şiddət göstərərək dünyaya gəlməyinin qarşısını aldı və onu öldürdü. Vəhşicəsinə hər gün məni döyürdü, bunu istəyənlərdən biri isə atası idi. Bütün verdiyi zülmlərə hər kəs susdu".
Ana əlavə edib ki, sübutlarla hüquq-mühafizə orqanlarına müraciətindən sonra qarşı tərəf 1500 AZN cərimə olunub.
"Məni qınayanlar bilmir ki, hər kəs evində bayram edəndə o mənim övladımı bətnimdə öldürdü. Digər oğlumun gözü qarşısında məni saçımdan tutub sürüyürdü. Uşaq dəfələrlə travma alıb. Nicatın ailəsi də dəfələrlə məni təhqir edərək şiddət göstərib. Xahiş edirəm, mənim və oğlumun yaşadığı bu qorxunc hadisələrə susmayın!".
Qadın, həmçinin bildirib ki, ərinin göstərdiyi şiddətlərdən biri də onun dırnağını çıxarması olub. Zərərçəkmiş olduğunu iddia edən şəxs buna dair fotolar da paylaşıb.
Sayt yayılmış məlumatlarla bağlı Nicat Azadlı ilə əlaqə saxlayıb. O, iddiaları əsassız adlandırıb:
"Ölüm iddiaları - hamısı yalandır. Ailə daxilində problemlər olub, buna görə də biz artıq bir ilə yaxındır boşanmışıq. Aliment də ödəyirəm. O mənə deyirdi ki, pul verməsən, hər şeyi paylaşacağam. Dırnaq paylaşımı da yalandır. Mənə əvvəldən demişdi ki, hamısını yığıram, paylaşacağam. Cəmiyyət onsuz da qadına inanır, kişiyə yox. Hamısı şantajdır, pul verdiyim müddətdə heç nə paylaşmırdı, 1700 manat verdim. Bundan sonra 5 min də istədi, verə bilmədim deyə, istədiyi paylaşımı etdi.
Uşaq ölümü də mümkün deyil, o hadisələr olmayıb. Videoda isə mənə lazımsız sözlər deyirdi və orada bəzi hissələr kəsilib. Bunu ona görə edirdi ki, məni nüfuzdan salsın. Məsələ ilə bağlı polisə müraciət edəcəyəm".
Rəqqas Nicat Azadlının həyat yoldaşı ona qarşı fiziki və psixoloji zorakılıq olunduğunu iddia edib.
Oxu.Az xəbər verir ki, bu barədə onun həyat yoldaşı sosial şəbəkədə azyaşlı övladı qucağında olarkən avtomobildə şiddətə məruz qaldığını əks etdirən görüntülər paylaşıb.
O, həyat yoldaşı və ailə üzvləri tərəfindən təzyiq və zorakılığa məruz qaldığını, bununla bağlı foto, video və səsyazılarını hüquq-mühafizə orqanlarına təqdim etdiyini bildirib.
Qadının sözlərinə görə, məsələ məhkəməyə qədər gedib və nəticədə qarşı tərəf 1 500 manat cərimələnib. O, baş verənlərin araşdırılmasını və yaşadığı hadisələrə biganə qalınmamasını istəyib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.