Kubra Məhərrəmova yazır...
Dünən Bakı küçələrində daha bir qanlı hadisənin şahidi olduq. Kişi keçmiş arvadını, boşandığı, üzərində heç bir mənəvi, hüquqi haqqı olmayan qadını günün günorta çağı güllələyib öldürdü. Niyə? Çünki kefi belə istədi. Özündə kiminsə həyatına qıymaq kimi bir səlahiyyət gördü.
Bəzən düşünürəm ki, bəzi kişilər bu gücü-qüdrəti işləməyə, özlərini inkişaf etdirməyə yönəltsəydilər, dünyamız güllük-gülüstan olardı.
Təəssüf ki, ölkəmizdə daha bir kişi boşandıqdan sonra qadını rahat buraxmaqdansa məhv etdi.
Və yenə sosial şəbəkədə "namus keşikçiləri" qətli törətməkdə şübhəli bilinən (hüquqi baxımdan belə yazılmalıdır) kişinin müdafiəsinə çıxdı: "yaxşı qadını boşamazlar", "yaxşı qadını öldürməzlər" və s.
Artıq bu barədə yazmaqdan, danışmaqdan bezmişik. Lakin cəmiyyətin müəyyən hissəsi düzəlmir ki, düzəlmir. Bu qrup insanlar üçün qadın ölməlidir: ya evdə döyülüb-söyülməkdən, ya da boşanıbsa, küçədə.
Lakin bu dəfə sosial şəbəkələrdə yeni bir sosial sifarişin formalaşdığını da gördüm - cəmiyyətin müəyyən hissəsi edam hökmünün bərpasını tələb etdi. "Barrikada"nın bu tərəfində qız övladı böyüdən ata-analar, gənc qadınlar dayanmışdılar.
Təəssüf ki, bu qəbildən olan qətl hadisələri artdıqca cəmiyyətin qütbləşməsi də güclənir. Bu da aqressiyanın başqa bir təzahürüdür və başadüşüləndir. Çünki məhkəmə hökmlərinə, həbslərə rəğmən, qətl hadisələri dayanmır. İnsanlar da düşünürlər ki, bəlkə, ölüm hökmü potensial cinayətkarların gözünü qorxudar.
Ölüm hökmünün istər dövlət, istərsə də cəmiyyət tərəfindən tələb olunması humanizm prinsiplərinə ziddir. Düşünürəm ki, XXI əsrdə insanların ölüm tələbi bu qədər güclü olmamalıdır.
Bu problemin həlli üçün başqa yollar tapılmalıdır. Ya nikah yaşı yüksəldilməlidir, ya da nikaha girənlərin psixoloji vəziyyəti daha dərindən öyrənilməlidir. Əvvəl-axır nəsə edilməlidir. Çünki bu sürətlə getsək, axırda ərə getmək istəyən qızların sayı azalacaq. Hamı kişiləri potensial qatil kimi görməyə başlayacaq. Bu isə kökündən yanlış yanaşmadır. Hamı eyni deyil.
Dünən baş verən hadisəni bir qədər təhlil etdikdən sonra müəyyən nəticələr çıxarmaq mümkündür.
* Bakıda DƏHŞƏT: Kişi və arvadının meyitləri tapıldı - TƏFƏRRÜAT - VİDEO
Öldürülən qadın aptekdə işləyirmiş. Keçmiş əri onun işlədiyi yerə avtomobillə gəlib və avtomobilin yük yerində özü ilə ov tüfəngi gətirib.
Deməli, adam görüşə artıq qətl ssenarisi ilə gəlib.
Məqsədi bəlli olub. Sonra isə özünə də silahla xəsarət yetirib.
Qadının ondan boşanmasının da yəqin ki, əsaslı səbəbi olub. Çünki heç kim bir günün içində silaha əl atmır. Bu qətl addımı aylarla, illərlə beyində bişib. Böyük ehtimalla, keçmiş əri tərəfindən qətlə yetirilən qadın evdə məişət zorakılığına da məruz qalıb.
Yəqin, düşünüb ki, boşansa, canını qurtara biləcək...
Tək bizdə deyil, bütün dünyada qadınların çoxu elə bu vəziyyətdə illərlə potensial cinayətkarlarla bir evdə yaşamağa məcbur qalır. Çünki cəmiyyətlər ağlabatan, işlək mexanizm ortaya qoya bilmirlər.
Polisə çox az adam şikayət edir. Şikayət edənlərin də əksəriyyəti sonradan valideyn və qayınata-qayınananın təzyiqi qarşısında ərizəsini geri götürür. Gec-tez potensial qatil də məqsədinə nail olur.
Bizim cəmiyyətin böyük bir hissəsi üçün isə boşanan qadınların hamısı əxlaqsız, ərinə xəyanət edən, aliment almaq üçün boşanan, naməlum həyat tərzi sürən insanlar kimi dəyərləndirilir.
Ədalət naminə qeyd edim ki, əgər qadın pullu və imkanlıdırsa, onun ikinci dəfə ailə qurmaq şansı var. Yox, əgər maliyyə imkanları məhduddursa, o zaman cəmiyyətin müəyyən hissəsi ona məşhur damğanı vurur: "Özü üçün yaşamağa görə boşandı".
Əslində isə bu qətlin kökündə təkcə aqressiya yox, daha dərin bir problem dayanır. Cəmiyyətimizin müəyyən hissəsi üçün boşanma hüquqi akt olsa da, psixoloji və sosial baxımdan hələ də qəbul olunmur. Nikah məhkəmənin qərarı ilə bitsə də, bəzi kişilərin beynində, "kişilik anlayışında" və şüurunda bitmir. Onlar qadını keçmiş həyat yoldaşı kimi deyil, hələ də "özününkü" kimi görürlər. "Mənimlə olan qadın indi başqası ilə ola bilməz" düşüncəsinin sonu da çox vaxt qətllə nəticələnir.
Cəmiyyətin müəyyən hissəsi isə hələ də belə düşünür ki, boşanmış qadının həyatı üzərində keçmiş ərinin görünməz haqqı qalır. Ortada həyatı yarımçıq qalan qadınlar, yetim qalan uşaqlar isə heç kimin vecinə deyil...
Unutmayaq ki, bu aqressiya və cəmiyyətin müəyyən hissəsinin belə düşüncəni dəstəkləməsi ərə getmək, ailə qurmaq istəyən qızların qərarlarına ciddi təsir göstərir və gələcəkdə də göstərməyə davam edəcək.