Hazırda populyar olan arıqlama iynələri ilkin olaraq şəkərli diabetin müalicəsi üçün hazırlanıb. Mütəxəssislər bu preparatların həkim nəzarəti olmadan istifadəsinin müxtəlif yan təsirlərə səbəb ola biləcəyini bildirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq və endokrinoloq Anton Polyakov Aif.ru nəşrinə müsahibəsində danışıb.
Mütəxəssis qeyd edib ki, bu cür preparatlardan istifadə dayandırıldıqda əvvəlki çəkinin geri qayıtması mümkündür.
"Bu dərmanlardan istifadə etməklə sürətli çəki itkisi zamanı insanın xarici görünüşü kəskin şəkildə dəyişə bilər. Bundan əlavə, depressiyanın yaranması riski də yüksəkdir. Əgər insanda qidalanma pozuntusu varsa, arıqlama preparatlarından istifadə yalnız problemi maskalayır, lakin problemin özü aradan qalxmır.
Əgər insan əvvəllər emosional vəziyyətini əlavə qida qəbulu ilə stabilləşdirirdisə, dərman qəbul edərkən bu imkan məhdudlaşa bilər, psixoloji problemlər isə davam edə bilər", - deyə Anton Polyakov bildirib.
Ekspert əlavə edib ki, bu cür preparatların istifadəsi müxtəlif həzm pozuntularına səbəb ola bilər. Həmçinin gün ərzində enerji səviyyəsində əhəmiyyətli dəyişikliklər, süstlük və yorğunluq yarana bilər.
"Mən şəkərli diabeti olmayan insanlara bu cür arıqlama iynələrini tövsiyə etməzdim. Bir mütəxəssis olaraq mənim üçün bu preparatlar ümidsizlik terapiyasıdır", - deyə Anton Polyakov vurğulayıb.