Çəkini tənzimləmək və şəkərli diabeti müalicə etmək üçün məşhur dərmanlardan istifadə edən pasiyentlər alkoqolun onlara artıq zövq vermədiyini və spirtli içkilərə meyllərinin azaldığını getdikcə daha çox bildirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru-ya rusiyalı endokrinoloq İrina Lenkina məlumat verib.
Mütəxəssis qeyd edib ki, son iki ilin tibbi təcrübəsində QLP-1 reseptor aqonistlərinin (ilk növbədə, II tip şəkərli diabet və piylənmənin müalicəsində tətbiq edilən preparatlar) qəbulu ilə alkoqol istehlakına verilən reaksiyanın dəyişməsi arasında əlaqəni göstərən müşahidələr artmaqdadır. Həkimin sözlərinə görə, bu cür terapiya alan şəxslər spirtli içkiyə olan istəyin zəifləməsindən, içilən miqdarın azalmasından və alkoqollu içkilərdən əvvəlki kimi həzz ala bilməmələrindən bəhs edirlər.
"Əsas məsələ ondadır ki, qida, alkoqol, siqaret və ya qumar oyunlarından zövq almağa vadar edən beyinin mükafatlandırma sistemi dofamin hormonu ilə sıx bağlıdır. QLP-1 aqonistləri dofamin yollarına və möhkəmləndirmə mərkəzlərindəki neyronların aktivliyinə təsir göstərə bilir. Beyin alkoqola bir zövq mənbəyi kimi daha zəif reaksiya verməyə başlayır və spirtli içkiyə qarşı olan kompulsiv (obsessiv) istək azalır. Bu təsir asılılığın qapalı dairəsini tam qıra bilməsə də, ən azından onu zəiflətməyə kömək edir", - deyə həkim izah edib.
Lenkina vurğulayıb ki, bəhs olunan tədqiqatlarda bu nəticə sağlam könüllülərdə deyil, məhz alkoqol asılılığı diaqnozu qoyulmuş şəxslərdə qeydə alınıb. Onun sözlərinə görə, bu fakt QLP-1 aqonistlərini gələcəkdə müalicə üçün potensial bir vasitə kimi nəzərdən keçirməyə imkan yaradır.
Bununla belə, o, xəbərdarlıq edib ki, bu cür dərman vasitələrini spirtli içki asılılığına qarşı mübarizə məqsədilə müstəqil şəkildə istifadə etmək, eləcə də digər sağlamlıq problemlərinin həlli üçün tibbi göstəriş olmadan tətbiq etmək hələ tezdir. Həkim əlavə edib ki, dərman qəbulu dayandırıldıqdan sonra təsirin qalıb-qalmayacağı, əlavə təsirlərin nədən ibarət olacağı və uzunmüddətli istifadə zamanı pasiyentlərin vəziyyətinin necə dəyişəcəyi hələlik tam məlum deyil.