Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə araşdırmasının yekunlaşdığı elan edildikdən sonra prokuror təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
*Rusiyadan Bakıya qonaq çağırılan şəxs öldürüldü
*Bakıda qətl törədən şəxs hakim qarşısına çıxarıldı
Müşavirədən sonra hökm elan edilərək İqor Lısenko 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində baş verib.
İlkin araşdırmalarla 1982-ci il təvəllüdlü İqor Lısenkonun tanışı, 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqlayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, qətlə yetirilən İlqar Məmmədov hadisədən bir müddət əvvəl İqor Lısenkonun dəvəti ilə Rusiyadan Bakıya qonaq gəlibmiş.
Elgün Həsənli