Hərbi təyyarənin uçuş planının tərtibində yol verilən səhv Böyük Britaniyada hava əlaqəsində genişmiqyaslı nasazlığa səbəb ola bilərdi ki, bunun nəticəsində 2 000-dən çox reys ləğv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti Avropanın aviadaşımalar sektorunda səlahiyyətli mənbələrə istinadən yazır.
Qeyd olunur ki, hazırkı vəziyyət 2023-cü ildə baş vermiş eyni hadisəni tamamilə təkrarlayır. Həmin vaxt uçuşların idarəetmə sistemindəki nasazlığın səbəbi məhz uçuş planı (lakin mülki təyinatlı plan) olmuşdu. O zaman sistemə səhv daxil edilmiş məlumatlar 82 milyon avro məbləğində zərərlə nəticələnmişdi.
Mənbələrin bildirdiyinə görə, sistem köhnəlib və mürəkkəbdir, hər hansı kiçik problem isə qeyri-mütənasib nəticələrə gətirib çıxarır. Qəzet yazır ki, bu versiya təsdiqlənərsə, əvvəlki hadisə zamanı araşdırma çərçivəsində müəyyən edilə bilməyən daha bir çatışmazlıq üzə çıxacaq.
Texniki nasazlıq sentyabrın 8-də Böyük Britaniyada hava hərəkətinin idarə edilməsinə cavabdeh olan NATS holdinqinin uçuş planlarının emalı sistemində baş verib. Problem Londonun Qatvik, London-Siti, Stansted və Hitrou hava limanlarında, həmçinin Aberdin, Birmingem, Bristol, Mançester, Nottingem və Edinburq hava limanlarında 300 000-ə qədər sərnişinə təsir edib. Ümumilikdə 2 000-dən çox reys ləğv edilib. NATS nasazlığın səbəbini açıqlamayıb, lakin bunun kiberhücum olmadığını vurğulayıb.
Çərşənbə günü səhər saatlarında Birləşmiş Krallığın hava limanlarında 170-dən artıq uçuş ləğv edilib. Problemin kökündə çərşənbə axşamı baş verən texniki nasazlıq dayanır.
Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb. Bildirilib ki, Böyük Britaniyaya və geriyə uçan sərnişinlər hava nəqliyyatında ciddi ləngimələrlə qarşılaşıblar.
Vəziyyətin yaranmasına çərşənbə axşamı hava hərəkətinin idarəedilməsi sistemlərində qeydə alınan qəza səbəb olub. "Flightradar24" xidmətinin statistikasına əsasən, bir gün əvvəl 1300-dən, çərşənbə günü səhər isə 170-dən çox reys təxirə salınıb. Dayanmalar Hitrou, Qatvik, Mançester və Birmingem kimi aeroportların fəaliyyətinə mənfi təsir edib. Milli Hava Hərəkəti Xidməti (NATS) uçuş məlumatlarının emalı sistemində nasazlıq tapdıqlarını bildirsə də, sonradan bu problemin aradan qaldırıldığını təsdiqləyib.
"Sistemdəki problem artıq həllini tapıb, biz adi rejimdə fəaliyyət göstəririk və yığılıb qalmış reys növbələrini tənzimləmək üçün mümkün olan hər şeyi edirik", - deyə NATS sosial şəbəkələrdə məlumat yayıb və eyni zamanda, yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.
Bununla belə, aviaşirkətlər və hava limanları toplanmış gecikmələri sahmana salmaqla məşğul olduqları üçün uçuş cədvəllərindəki kənarlaşmalar hələ də davam edir. Texniki çətinliklər Luton, Stansted, Liverpul və Edinburqla yanaşı, İrlandiyadakı Dublin hava limanına da öz təsirini göstərib.
Nəqliyyat naziri Heydi Aleksander uçuşların tam şəkildə bərpa edilməsinin müəyyən vaxt aparacağını vurğulayaraq, sərnişinləri uçuşlarla bağlı ən son məlumatları xidmət göstərən aviaşirkətlərdən öyrənməyə davam etməyə çağırıb.