İranın xarici siyasət idarəsinin rəhbəri Abbas Əraqçı Birləşmiş Krallığın Baş naziri Endi Börnhemin ABŞ-nin strateji bombardmançı təyyarələrinə ev sahibliyi edən Ferford Kral Hərbi Hava Qüvvələri bazasında partlayış təşkil etmək cəhdləri ilə bağlı səsləndirdiyi iddiaları əsassız adlandıraraq, onun yanlış məlumatlandırıldığını vurğulayıb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Ölkəmizin mövqeyini bir daha təsdiqləyirəm: xarici dövlətlərə işləyən və terrorçu kimi təqdim edilən insanların sərbəst buraxılması faktı hər şeyi aydın göstərir. Siz səhv ünvana müraciət etmisiniz", - deyə Əraqçı paylaşımında bildirib.
Qeyd edək ki, çərşənbə günü Börnhem çıxışında təmsil etdiyi hökumətin həftəsonu Ferford hərbi bazasında qeydə alınan və hazırda istintaqı davam edən hadisədə Tehranın "iştirak etdiyinə" dair əllərində "tutarlı əsaslar" olduğunu iddia etmişdi.
Buna baxmayaraq, Börnhem Britaniya hökumətinin bu qənaətini sübut edəcək hər hansı əsaslı dəlil və ya əlavə təfərrüat açıqlamayıb
Xatırladaq ki, Ötən bazar günü Qlosterşir qraflığı ərazisində, Ferford hərbi obyekti yaxınlığında yerləşən Velford kəndi ətrafında beş nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu şəxslər partlayış hazırlamaqda şübhəli bilinərək nəzarətə götürülüblər. Hərbi baza ətrafında fövqəladə vəziyyət elan edildiyi üçün Velfordda yaşayan 85 evin sakini ərazidən təxliyə edilib.
Saxlanılanların beş nəfərin hamısının Böyük Britaniya vətəndaşı olduğu və Londonda daimi yaşadığı məlum olub. Sonradan polis nümayəndələri yoxlama zamanı onların nəqliyyat vasitələrində heç bir partlayıcı maddənin tapılmadığını təsdiqləyib. Nəticədə şübhəli bilinən şəxslər bazar ertəsi günü girov şərti ilə azadlığa buraxılıblar.