Böyük Britaniyada Feyrfod aviabazasında terror aktı hazırlamaqda şübhəli bilinən beş nəfər zaminə buraxılıb.
Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın terrorizmlə mübarizə bölməsinin rəhbəri, komissar köməkçisi Lourens Teylor məlumat verib.
O vurğulayıb ki, şübhəlilərin sərbəst buraxılması insidentlə bağlı araşdırmanın başa çatdığı anlamına gəlmir. Zaminə buraxılan şəxslərə ciddi məhdudiyyətlər qoyulub.
Teylor əlavə edib ki, hüquq-mühafizə orqanları araşdırmanın bir neçə istiqamətini nəzərdən keçirdiyindən şübhəlilər hələ də istintaq altındadır.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın Baş naziri Endi Börnhem ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Feyrfod aviabazasının ətrafında baş verən insidentlə əlaqədar hökumətin fövqəladə hallar üzrə COBRA komitəsinin iclasını çağırıb.
Sentyabrın 27-də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan Böyük Britaniyanın Ferford aviabazası ərazisində həbs edilən beş nəfərin hamısı Birləşmiş Krallıq vətəndaşlarıdır.
Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, bu barədə polisin yaydığı rəsmi məlumatda bildirilir.
Saxlanılan 23-25 yaşlı kişilərin hamısı London sakinləridir. Onlar terrorizm və partlayıcı maddələr haqqında qanunvericiliyi pozmaqda şübhəli bilinirlər.
Hazırda London polisinin Terrorla Mübarizə İdarəsi tərəfindən araşdırma aparılır və şübhəli şəxslər həbsdə saxlanılırlar. Saxlanılanların kimliyi və ehtimal olunan məqsədləri barədə əlavə təfərrüat hələlik açıqlanmır.
ABŞ Prezidenti Donald Tramp baş vermiş hadisə ilə bağlı çıxış edərək bildirib ki, Birləşmiş Ştatlar həbs edilən şəxslərlə bağlı təhqiqat aparırdı. Onun sözlərinə görə, həmin şəxslər hərbi bazaya "ciddi ziyan vurmaq" niyyətində olublar.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq İranın Britaniya Hərbi Hava Qüvvələrinin (HHQ) Ferford bazasına ehtimal olunan hücum hazırlığında iştirakı barədə danışmaq üçün hələ tez olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "Sky News" telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, həmin şəxslərin mümkün motivləri barədə fərziyyələr irəli sürmək onun tərəfindən düzgün addım olmazdı.
Xatırladaq ki, sentyabrın 27-də ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələrinin yerləşdirilməsi üçün istifadə olunan Ferford aviabazası ərazisində fövqəladə vəziyyət elan edilib və yaxınlıqdakı evlərin sakinləri təxliyə olunublar.
Yayılan məlumatlarda bildirilirdi ki, Skotland-Yardın terrorla mübarizə bölməsinin əməkdaşları Böyük Britaniyadakı Ferford aviabazasında terror aktının hazırlanması işini araşdırır və İranın bu cinayətlə mümkün əlaqəsini öyrənirlər.