ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Britaniyanın Feyrford aviabazasının yaxınlığında beş nəfər terrorla mübarizə qanunvericiliyini pozmaqda şübhəli bilinərək saxlanılıb.
Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, bu barədə bazanın yerləşdiyi Qlosterşir qraflığının polis rəisinin köməkçisi Riçard Okon məlumat verib.
Okonun sözlərinə görə, üç şübhəli şəxsin avtomobillə Feyrford aviabazasına doğru hərəkət etməsi barədə məlumat yerli vaxtla saat 00:45-də (Bakı vaxtı ilə 03:45) daxil olub. İlkin olaraq saxlanılan şəxslərin partlayıcı maddələrlə bağlı qanunvericiliyi pozduqları şübhə edilib. Lakin polis daha sonra onların barəsində terror aktı hazırlamaq şübhəsinin də irəli sürüldüyünü açıqlayıb.
Saxlanılan şəxslərin adları və vətəndaşlıqları açıqlanmır. Onlar hələ də həbsdə saxlanılırlar. İstintaq terrorla mübarizə bölməsinin əməkdaşları ilə sıx əməkdaşlıq şəraitində aparılır.
"The Times" yazır ki, istintaq saxlanılan şəxslərin İranla hər hansı əlaqəsinin olub-olmadığını müəyyənləşdirməyə çalışır.
Böyük Britaniyada ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Ferford hərbi hava bazasının ətrafında fövqəladə vəziyyət rejimi elan olunub.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Bazanın yerləşdiyi Qlosterşir qraflığının polisinin məlumatında deyilir ki, bir neçə şəxs "Partlayıcı maddələr haqqında" Qanunun pozulması şübhəsi ilə saxlanılıb.
Bundan əlavə, yaxınlıqdakı Uelford kəndindəki bəzi evlərin sakinləri təxliyə ediliblər.
"Hazırda ordunun partlamamış sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssis qrupu bir neçə nəqliyyat vasitəsinə baxış keçirir. Yerli sakinlər yaxınlıqdakı idman-əyləncə mərkəzinə təxliyə olunurlar", - deyə polisdən bildirilib.
Ferford bazasından ABŞ tərəfindən İrana hava zərbələrinin endirilməsi əməliyyatında istifadə olunub.