Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O'Nil Kardiffdə qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Liderlər Böyük Britaniya hökumətini regionların Birləşmiş Krallıqdan ayrılmaq üçün referendumlar təşkil edə bilməsi məqsədilə "hər bir yurisdiksiyada konstitusiya dəyişikliklərinə hazırlaşmağa, planlaşdırmağa və təmin etməyə" çağırıblar. Memorandumda Şimali İrlandiya, Uels və Şotlandiyanın öz gələcəyini Avropa İttifaqının tərkibində gördüyü bildirilir. Həmçinin birinci nazirlərin iqtisadi məsələlərdə qarşılıqlı əməkdaşlığı gücləndirmək niyyətində olduqları da vurğulanır. Suini yaxın beş il ərzində Şotlandiyanın müstəqilliyi ilə bağlı yeni referendum keçirməyə çağırıb. O'Nil Böyük Britaniya və İrlandiya hakimiyyətlərini sərhəd barədə referendumun tarixini 2030-cu ilə qədər təyin etməyə çağırıb.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Beynəlxalq hüquq üzrə ekspert, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov qeyd edib ki, bəyanat əsasən, dörd istiqamətdədir.
O vurğulayıb ki, bunlar iqtisadiyyat, energetika, Avropa İttifaqı və müqəddəratını təyinetmədir:

"Böyük Britaniya tərəfi hələlik məsələyə birbaşa rəsmi münasibət bildirməyib. Yalnız Xarici İşlər Nazirliyindən (XİN) qeyd olunub ki, dövlət səviyyəsində yekun birmənalı qərar yoxdur və bu kimi məsələlər referendum vasitəsilə həll edilir. İrlandiya artıq Avropa İttifaqının üzvüdür. Şotlandiya və Uelsin də qoşulması müzakirədədir. Burada vergi məsələləri əsas faktorlardandır ki, bu da çox vacibdir. Ancaq ilk olaraq bu siyasi məqsəddir. Böyük Britaniya üçün parçalanma siyasəti normal qaydada qəbul edilməzdir. Baxmayaraq ki, onlar rəsmi şəkildə fikir bildirməyiblər. XİN-in bəyanatı yalnız başlanğıc prosesidir. Ancaq onu da qeyd edim ki, bu proses sözügedən ölkələr üçün problem yarada bilər".
Ekspert əlavə edib ki, ABŞ-nin bununla bağlı fikirləri və partiyalar çərçivəsində hansı yanaşmaların olduğu məlumdur:
"Biz bilirik ki, ABŞ-də iki partiya çərçivəsində qərarlar qəbul edilir. Tramp tərəfindən verilən məlumatlar da bu günlərdə daha çox populist xarakter daşıyır. ABŞ-də Demokratlar və Respublikaçılar partiyaları beynəlxalq siyasətə yanaşmaları tamamilə fərqlidir. Bir tərəf beynəlxalq siyasətin gücləndirilməsinə və beynəlxalq proseslərə daha çox dəstək göstərilməsinə üstünlük verirsə, digər tərəf daha çox daxili məsələlərin həllinə yönəlir.
Ona görə də Trampın çıxışına bir qədər fərqli yanaşılır. Ancaq burada əsas məsələ onun Avropaya təsirinin necə olacağıdır. Bu təsirin Avropanın enerji resurslarına, Avropanın siyasətinə, Avropa Birliyinin formalaşmasına və Maastrixt sazişlərinə necə təsir göstərəcəyi çox vacib elementlərdən biridir".