Böyük Britaniyada Kral III Çarlzın keçmiş sevgilisi, 1970-ci illərdə Çarlz şahzadə Diana ilə evlənməzdən əvvəl kraliça olacağı ehtimal edilən Davina Morli (qızlıq soyadı Şeffild) vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Qeyd olunub ki, Davina ilə şahzadə Çarlzın sevgi münasibətləri 1970-ci illərin ortalarına təsadüf edib. Cütlük zadəgan məclislərində iştirak edir, tez-tez Çarlza məxsus "Aston Martin DB5 Volante" avtomobilində birlikdə görünürdülər. Hətta atçılıq tədbirlərinin birində Davina kraliça II Elizabet və şahzadə Filiplə yanaşı lentə alınmışdı ki, bu da kral ailəsinin razılıq əlaməti kimi qiymətləndirilirdi.
Buna baxmayaraq, cütlüyün münasibətləri qəfildən bitib. Buna səbəb yaranmış qalmaqal olub: Davinanın keçmiş sevgilisi Ceyms Bird jurnalistlərə onların bir yerdə yaşadıqlarını etiraf edib.
Şahzadə Çarlzdan ayrıldıqdan sonra Davina Ceyk Morli ilə ailə həyatı qurub. Onlar 1981-ci ildə - məhz Çarlzın Diana ilə evləndiyi ildə nikah bağlayıblar. Bu evlilikdən onların üç oğlu dünyaya gəlib.