Avropada uzun illər siyasi sabitliyin və sosial rifah modelinin əsas dayaqlarından biri hesab olunan sosial demokratiya indi ciddi nüfuz itkisi ilə üz-üzədir. İqtisadi problemlər, miqrasiya, təhlükəsizlik narahatlıqları və ənənəvi siyasi elitalara inamın azalması fonunda radikal sağ və millətçi qüvvələr isə getdikcə daha çox seçici dəstəyi qazanırlar.
Bir sıra ölkələrdə bu partiyaların parlamentlərdə mövqelərini gücləndirməsi Avropanın siyasi xəritəsinin dəyişə biləcəyi ilə bağlı sualları artırır. Bəs cəmiyyətdə radikal sağa marağın artmasının əsas səbəbləri nələrdir? Radikal sağın yüksəlişi Avropa İttifaqının (Aİ) gələcəyinə və qitənin siyasi birliyinə hansı riskləri yarada bilər? Ümumiyyətlə, radikal sağçı qüvvələrin Avropanın aparıcı ölkələrində hakimiyyətə gəlməsi nə dərəcədə realdır?
"Qafqaz" Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Araz Aslanlı mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, Avropa tarixində müxtəlif mərhələlərdə ideoloji dəyişiklik olub:

"Yəni elə mərhələlər olub ki, Avropa ölkələrinin əksəriyyətində sol partiyalar hakimiyyətdə güclənib, bəzən də sağ partiyalar. Sol partiyalar güclənəndə bu, Avropa ölkələrinin öz aralarında da inteqrasiyanı gücləndirib. Amma sağ, xüsusən də radikal sağ partiyalar güclənəndə ümumi Avropa inteqrasiyasından uzaqlaşma, özlərinin milli maraqları kimi xarakterizə etdiyi məqamları ön planda tutma meylləri güclənib".
"Hazırda da Avropada gedən proseslərin bir neçə səbəbi var. Birincisi, ümumilikdə Avropa üçün yaranan təhlükəsizlik riskləridir. Dünyanın hər yerində milli təhlükəsizlik riskləri artdıqca sağ və daha çox da radikal sağ güclənir. İkincisi, bu məqam iqtisadi-sosial problemlər artanda üzə çıxır. Bir də dəyərlərdən uzaqlaşma cəmiyyətin müyyən təbəqəsində etirazlara səbəb olanda, bəzi zümrələr bundan narahat olur və sağa, bir qədər də radikal sağa meyl edirlər. Biz bunu müxtəlif Avropa ölkələrində hazırda görürük. Buna yanacaq qiymətlərinin qalxması, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginliyin avropalıların üzərində yaratdığı həm milli təhlükəsizlik, həm iqtisadi, həm də sosial problemlərin yaratdığı təzyiq təsir edib.
Həmçinin, biz bunu ABŞ prezidenti Donald Tramp nümunəsində görmüşük. O, həm Amerika Birləşmiş Ştatları, həm də Avropa ölkələri üçün ailə dəyərlərinin zəifləməsini etiraz olaraq qeyd edirdi. İndi biz bunu konkret Almaniyadakı son seçkilərdə gördük. Hazırki gedişat, yəni qlobal, sosial, iqtisadi və təhlükəsizlik mühiti bu şəkildə davam etsə, Avropada mövcud tendensiya davam edəcək. Düzdür, Avropa ölkələrində bundan narahatlıq hiss edənlər, mübarizə aparmaq istəyənlər var, amma ümumən bu tendensiyanın Avropada davam edəcəyini düşünürəm", - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı yarananda daha kiçik olsa da, sonradan ittifaqın genişlənmə prosesinə qərar verilib:
"Lakin Aİ-nin genişlənməsinə Avropa daxilində də münasibət birmənalı deyildi. Bəziləri bunu qitədə ümumi təhlükəsizlik mühitinin formalaşması üçün faydalı hesab etsələr də, bəzi Avropa ölkələrinin vətəndaşları, xüsusən də inkişaf etmiş ölkələrin vətəndaşları yeni qoşulan üzvlərin ümumi Avropa mühiti üçün həm təhlükəsizlik riski, həm də iqtisadi yük gətirdiyini düşünürdülər. İndi onların bir hissəsi özlərinin haqlı çıxdıqlarını deyirlər. Məsələn, əvvəllər vahid viza coğrafiyası var idi. Amma müəyyən bir mərhələdə ittifaqın bəzi üzv ölkələri sərhəddə yoxlama tətbiq etməyə başladılar. Almaniya bunu Polşa ilə sərhəddə tətbiq edəndə, bu, Rusiya-Ukrayna müharibəsinə görə bir qədər anlaşılan idi. Amma Rəsmi Berlin bunu bir mərhələdə Fransa ilə sərhəddə də tətbiq elədi. Bu, onu göstərir ki, üzv ölkələr təhlükəsizlik mühitində, iqtisadi rifahın üst səviyyədə olduğu bir dövrdə inteqrasiya başlatmış və həmin rifah səviyyəsini başqalarına da yaymaq haqqında düşünürdülər, indi isə başqalarından risklər hiss edirlər. Ona görə də bu amil həmin ölkələrin həm Avropaya inteqrasiyadan geri dönüş barədə düşünmələrinə, həm də ölkə daxilində radikal cərəyanların güclənməsinə səbəb olur".