Avropa İttifaqı (Aİ) 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə, video mübadiləsi platformalarına, süni intellekt çatbotlarına və onlayn oyunlara girişini qadağan etməyi təklif etməyi planlaşdırır.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Agentlik Avropa Komissiyasının sənədinə istinadən bildirir ki, bu, uşaqların internetdəki təhlükələrdən qorunması üçün indiyədək hazırlanmış ən genişmiqyaslı plandır.
3 yaşdan 13 yaşadək uşaqlara yalnız uşaqlar üçün nəzərdə tutulmuş və tam valideyn nəzarəti altında olan xidmətlərdən istifadə etməyə icazə veriləcək. 13 və 14 yaşlı uşaqlar isə əsas platformalarda ciddi məhdudiyyətlərlə, xüsusən də gündəlik vaxt limitləri və valideyn nəzarəti funksiyaları ilə hesablar yarada biləcəklər.
Aİ-nin bu təklifi Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və texnologiyalar üzrə avrokomissar Henna Virkkunen tərəfindən cümə axşamı təqdim ediləcək "EU Kids Act" ("Aİ-nin Uşaqlar haqqında Qanunu") təşəbbüsünün bir hissəsidir.
Komissiyanın videooyun platformalarına da şamil edilən təklifi yaşdan asılı olaraq müxtəlif xidmətlərə mərhələli çıxışı nəzərdə tutur. Şirkətlərin üzərinə qoyulacaq öhdəliklər isə xidmətin növündən və uşaqların yaşından asılı olacaq.