Rusiya Ermənistandakı 102-ci bazasının buradan çıxarılması ilə bağlı heç bir müraciət almayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" nəşrinə müsahibəsində deyib. Diplomat vurğulayıb ki, Gümrüdəki baza Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının mühüm elementi sayılır.
Ermənistanın vitse-spikeri Vaaqn Aleksanyan isə brifinqi zamanı bildirib ki, Rusiya bazasının saxlanılması ölkəyə kifayət qədər baha başa gəlir. Aleksanyanın sözlərinə görə, Ermənistanın dövlət orqanlarına da Rusiyadan Moskvanın hərbi bazanı çıxarmağa hazırlaşdığı barədə heç bir məlumat və ya müraciət daxil olmayıb. O qeyd edib ki, erməni tərəfi Rusiya ilə həm bazanın saxlanılması, həm də çıxarılması variantlarını müzakirə etməyə hazırdır. Bununla yanaşı, deputat həmkarlarının bazanın saxlanma xərcləri ilə bağlı əvvəllər səsləndirdikləri fikirlərlə razılaşdığını bildirib.
"Mən bu bazanın saxlanılmasının olduqca baha olması fikri ilə razıyam. Bilirsiniz ki, elektrik şəbəkəsi orada enerji sərfiyyatına görə əlavə vəsait yazır. Bu xərclərlə birlikdə bazanın saxlanması xüsusilə baha başa gəlir", - deyə Aleksanyan vurğulayıb.
Onun sözlərinə görə, bütün bu məsələlər müzakirə mövzusudur.
Vətəndaş Sazişi Partiyasından olan digər deputat Vilen Qabrielyanın Rusiya qazının qiyməti artacağı təqdirdə bazanın yerləşdirilməsi haqqının da artırıla biləcəyi barədə bəyanatına gəldikdə isə Aleksanyan bu ideyanı "maraqlı" adlandırıb.
Qeyd edək ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazası 1994-cü il sentyabrın 1-də fəaliyyətə başlayıb. Bu bazanın yerləşdirilməsi haqqında dövlətlərarası müqaviləni Rusiya və Ermənistan prezidentləri 1995-ci il martın 16-da imzalayıblar. 2010-cu ildə isə razılaşmanın müddəti 2044-cü ilə qədər uzadılıb.
Xatırladaq ki, daha öncə Prezident Vladimir Putin İrəvan müraciət edəcəyi təqdirdə Rusiyanın öz hərbçilərini Ermənistandan çıxarmağa hazır olduğunu bildirmişdi. Sonradan Ermənistanın baş naziri Nikol Paşinyan da Moskvanın özü müvafiq qərar verəcəyi halda Ermənistanın buna etiraz etməyəcəyini söyləmişdi.
Qeyd edək ki, Bişkekdə ŞƏT sammiti çərçivəsində Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Gümrüdəki Rusiya hərbi bazasının mövcudluğu mövzusu Moskvada keçiriləcək Rusiya-Ermənistan danışıqlarının gündəliyinə daxil edilib.