Ukrayna Ali Radası ölkədən qaçan Ruslan Kravçenkonun Ukraynanın baş prokuroru postundan kənarlaşdırılmasını dəstəkləyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı 317 millət vəkili təsdiqləyib. Baş prokurorun istefası əleyhinə heç bir deputat səs verməyib. Radanın iclasından əvvəl Kravçenko öz "Telegram" kanalında qanunvericilərə təzyiq göstərildiyini bildirərək, onları qərarları müstəqil şəkildə qəbul etməyə çağırıb.
Kravçenko 2025-ci ilin iyunundan bu postda çalışırdı. O, Volodimir Zelenskinin təyin etdiyi dördüncü baş prokuror olub.
Sentyabrın 4-də Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAP) baş prokurorluq ofisinin struktur bölmələrindən birinin rəhbər müavininin başçılıq etdiyi cinayətkar təşkilatın ifşa edilməsi üzrə yeni əməliyyat barədə məlumat yayıb. İstintaqın məlumatına görə, təşkilat dələduzluqla məşğul olan çağrı mərkəzlərinə havadarlıq etmək və əmlakın qanuniləşdirilməsi ilə məşğul olub. O cümlədən, Kravçenko ilə bağlı da axtarışlar aparılıb. Sentyabrın 7-də isə o, istefa ərizəsi yazdığını elan edib.
Sentyabrın 14-ü səhər saatlarında baş prokuror NABU direktoru Semyon Krivonos və SAP rəhbəri Aleksandr Klimenkoya yaxın olan şəxs barəsində ittiham aktını imzalayıb. Kravçenko həmçinin Ukraynadan guya ezamiyyətə getdiyini açıqlayıb. Yalnız bundan sonra, Ukrayna KİV-lərinin məlumatına görə, çoxdandır NABU və SAP-a zərbə endirməyə hazırlaşan Zelenski baş prokurorun istefası barədə qərarı Radaya təqdim edib. Daha sonra Zelenski hərbi vəziyyət rejiminin verdiyi genişləndirilmiş səlahiyyətlərdən istifadə edərək öz fərmanı ilə Kravçenkonu vəzifəsindən kənarlaşdırıb.