Yaxın Şərqdə bitməyən münaqişə fonunda ABŞ-nin neft şirkətləri rəhbərlərinin xəbərdarlıq etdiyi qlobal yanacaq böhranı artıq reallığa çevrilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məqalə dərc edib.
"Neft şirkətlərinin rəhbərləri bildirirlər ki, böyük yanacaq böhranı artıq başlayıb", - deyə məqalədə qeyd olunub.
Nəşrin məlumatına görə, yarım ildən çoxdur ki, bütün dünyada kommersiya yanacaq ehtiyatları azalmaqdadır və strateji neft ehtiyatlarından istifadə imkanları demək olar ki, tükənib. Energetika sahəsi üzrə təcrübəli ekspertlər xəbərdarlıq ediblər ki, Yaxın Şərqdəki münaqişənin həlli perspektivlərinin olmaması səbəbindən vəziyyət nəzarətdən çıxmaq təhlükəsi ilə üz-üzədir.
WSJ-nin xəbərinə əsasən, ABŞ-də dizel yanacağının qiyməti bir ay ərzində təxminən 14%, son bir ildə isə 60%-dən çox artıb. CNN telekanalının xəbər verdiyi kimi, ABŞ prezidenti yanacaq qiymətlərinin artımına qarşı bir sıra tədbirlər görməyə cəhd edib. O cümlədən, Ağ Evdə neft emalı müəssisələrinin rəhbərləri ilə xüsusi müşavirə keçirib və Venesuela ilə mühüm neft müqaviləsini elan edib. Lakin CNN-ə danışan mütəxəssislər bildiriblər ki, ABŞ-nin neft emalı zavodları onsuz da tam gücü ilə işləyir və Venesuelanın 2035-ci ilə qədər neft tədarükünü əhəmiyyətli dərəcədə artıracağı ehtimalı olduqca azdır.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bir müddət əvvəl benzin qiymətlərinin müharibədən əvvəlki səviyyəyə nə vaxt qayıdacağı barədə dəqiq tarix söyləməkdən imtina etmişdi.