Rusiyada azərbaycanlı yeniyetmə qətldə şübhəli bilinir.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya vətəndaşı Mariya Usoltseva sosial şəbəkə hesabında video paylaşıb.
O bildirib ki, bu ilin yanvarında Şəmkir rayonunun Zəyəm qəsəbəsində atası Arif Nəbiyevi öldürməkdə şübhəli bilinən 15 yaşlı D.N. daha sonra Rusiyaya gəlib. M.Usoltsevanın iddiasına görə, həmin yeniyetmə burada onun oğlu, keçmiş sinif yoldaşı Aleksandr Usoltsevi bıçaqlayaraq qətlə yetirib.
"Oğlumla yeddinci sinfə qədər birgə oxuyublar. Yeddinci sinifdə oxuyarkən həmin oğlanın anası ölür və atası onu Azərbaycana aparır. Orada isə öz atasını yatdığı yerdə öldürür. Bu barədə internetdə ətraflı məlumat var", - deyə qadın bildirib.

Fotoda: Arif Nəbiyev
Qadının əsas narazılığı Rusiyanın qəyyumluq orqanları və miqrasiya xidməti ilə bağlıdır. Onun sözlərinə görə, müvafiq qurumlar bu barədə məlumatlı olmalı idilər.
Belə ki, sözügedən qurumlara yeniyetmənin beynəlxalq axtarışda olduğuna dair rəsmi sorğu daxil olub. Buna baxmayaraq, qəyyumluq orqanı onu maneəsiz şəkildə rəsmiləşdirib və qətldə şübhəli bilinən şəxsin şəhərdə uşaqlar arasında sərbəst gəzməsinə şərait yaradıb.
M.Usoltsevanın sözlərinə görə, əri məktəbin direktoru və müəllimləri ilə əlaqə saxlayıb. Direktor təsdiq edib ki, qəyyumluq orqanlarının əməkdaşları zəng edərək yeniyetməni təhsil müəssisəsinə qəbul etməyi təkidlə tələb ediblər. Uşağın sənədlərinin guya Azərbaycandan gətiriləcəyi bildirilib. Lakin direktor şagirdi sənədsiz qəbul etməkdən imtina edib.

Fotoda: Aleksandr Usoltsev
Həlak olan A.Usoltsevin valideynləri şübhəlinin "Telegram" hesabına daxil olaraq, iyunun sonundan sonrakı yazışmalarını da araşdırıblar. Mariya Usoltseva mesencerdə həmin yeniyetmənin məktəblərdə kütləvi qətllər mövzusuna istinad edən nikdən istifadə etdiyini bildirib.
"O, mənim uşağımın etibarını qazanıb. Hətta biz ərimlə yazışmaları oxusaydıq belə, yəqin ki, orada nəsə planlaşdıran birinin olduğunu təxmin etməzdik. O, oğlumu dəfələrlə kartof qızartmaq, kabab bişirmək bəhanəsi ilə tərk edilmiş həmin tikiliyə çağırırdı. Niyə tərk edilmiş tikiliyə? Guya orada tüstü görünmür. Amma hər dəfə mənim Saşamda nəsə alınmırdı və bu görüş təxirə düşürdü", - deyə o bildirib.
Qadın oğlunun D.N.-ə bir neçə dəfə başqa sinif yoldaşlarını da görüşə çağırmağı təklif etdiyini, lakin onun buna məhəl qoymadığını söyləyib. Bunu əsas gətirən qadın D.N.-in məhz onun oğlunu öldürməyi əvvəlcədən planlaşdırdığını iddia edib.
"Yəqin ki, onu tutmasaydılar, bir qurbanla kifayətlənməzdi. Həmin gün onun üçün hər şey alındı", - deyə mərhum yeniyetmənin anası bildirib.
Qeyd edək ki, 15 yaşlı oğlanın Şəmkirdəki hadisədən sonra 23 yaşlı qardaşı ilə birlikdə Gəncə-İstanbul-Moskva reysi ilə ölkədən getdiyi bildirilir. 1970-ci il təvəllüdlü Arif Nəbiyevin qardaşı Elbrus Nəbiyev iddia edib ki, cinayəti mərhumun övladları birlikdə törədiblər. Hadisədən sonra onların atalarının meyitini su kanalına atdıqları bildirilir. Meyit bir neçə gün sonra tapılıb.
Avqustun 28-də isə Rusiyanın Xantı-Mansiysk şəhərində polis əməkdaşları tərk edilmiş bir tikilidə 15 yaşlı Aleksandr Usoltsevin meyitini aşkar ediblər. Meyitin üzərində bıçaq xəsarətləri olduğu bildirilib.
Qətldən sonra D.N. barəsində həbs qətimkan tədbiri seçilib.