“Bu günə qədər koronavirusdan 139 nəfər vəfat edib”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, digər ölkələrlə müqayisədə, ölkədə mövcud vəziyyət yaxşı olsa da, ümumilikdə, Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxş deyil:
“Bu günə qədər koronavirusa yoluxmuş 6192 xəstə sağalıb, hazırda 4998 aktiv xəstə var. Reanimasiya və intensiv terapiya şöbəsində 157 xəstə müalicə alır, onlardan 30 nəfəri isə süni tənəffüs cihazına qoşulmuş vəziyyətdədir. Sərt karantin rejimi çərçivəsində iki günlük qapanmalar sayəsində kifayət qədər müsbət nəticələr əldə olunub. Bir daha bəyan etmək istəyirik ki, xəstəliyin qarşısının alınması qəti surətdə karantin rejiminin tətbiqi ilə mümkün olmayacaqdır. Bununla mübarizənin tək yolux vaksinin tapılmasıdır. Lakin, qısaqapanmların yoluxma sayının azalmasına kömək etməsi səbəbindən operativ qərargah iki həftəlik qapanmanın yoluxma sayının azalmasına səbəb olacağını düşünür”.
R.Bayramlı onu da əlavə edib ki, sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə vətəndaşların çimərliyə getməsinə tam məhdudiyyət qoyulacaqdır:
“Onu da qeyd edim ki, öncə tətbiq edilən qıaqapanmalardan fərqli olaraq SMS vasitəsilə evdən çıxmağa icazə veriləcək. Bildiyiniz kimi bulvar, parklar açıq olduğu üçün vətəndaşlar icazə verilən müddət ərzində həmin ərazilərə getmək istəyəcəkdir. Buna görə də məsələ ətrafında müzakirələr davam etdirilir. Yəqin ki, növbəti brifinqdə icazə müddətinin hansı şəkildə tənzimlənəcəyinə dair daha ətraflı məlumat veriləcəkdir”.
Könül Cəfərli