Bundan sonra Bakı şəhərindəki ümumtəhsil məktəblərində göstərilən iaşə xidmətləri vahid mərkəzdən idarə olunacaq. Başqa sözlə, məktəb bufetlərinin qida məmulatları ilə təminatını bir qurum həyata keçirəcək.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyi bu məsələ ilə bağlı bir türk şirkəti ilə razılığa gəlib.
Nazirlikdən verilən məlumata görə, burada məqsəd təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsidir.
Adı hələlik açıqlanmayan həmin türk şirkət ümumtəhsil məktəblərində iaşə xidmətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi dövlət standartının tələblərinə uyğun quracaq.
Qeyd edək ki, 2013-cü ilin sentyabr ayından Azərbaycandakı “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiqinə başlanıb. Təhsil Nazirliyinin yuxarıda qeyd olunan addımı da bu tələbdən irəli gəlib.