Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu günlərdə “Odlar Yurdu” Universitetində “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirində 216 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib.
Oxu.Az xəbər verir ki, ƏƏSMN-dən verilən məlumata görə, bununla yanaşı, tədbir zamanı müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılması məqsədilə işəgötürənlər tərəfindən 515 nəfər tələbə və məzundan şəxsi məlumatlar (CV) qəbul olunub.
Xatırladaq ki, yuxarı kurs tələbələri və məzunların əmək bazarına inteqrasiyasına köməklik məqsədilə təşkil olunan tədbir zamanı 9-u dövlət, 77-i isə özəl sektora aid ümumilikdə 86 müəssisə və təşkilat tərəfindən 855 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib.
ƏƏSMN-in məlumatına əsasən, il ərzində tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə digər universitetlərdə də aktiv məşğulluq tədbirinin həyata keçirilməsi nəzərdə tutulur.
Gülnarə Zeynalova
www.oxu.az