Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tiflis vağzalı, Madridlə Dublini geridə qoyan Bakı, keçmişə aparan vaqon: Dəmiryol Muzeyindən REPORTAJ + FOTO
Bakıda bir-birindən gözəl muzeylər fəaliyyət göstərir. Onların bir çoxundan hazırladığımız reportajlar oxucularımız tərəfindən maraqla qarşılanıb. Bu dəfə üz tutduğumuz muzey isə açılışı 2019-cu il noyabrın 19-da baş tutan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Dəmiryol Muzeyidir. 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar qapalı qalan muzeydə yenidənqurma işləri aparılıb və muzeyə yeni eksponatlar əlavə edilib.
Oxu.Az 2023-cü il dekabrın 28-dən etibarən ziyarətçilərə açılan Dəmiryol Muzeyindən hazırladığı reportajı təqdim edir:
İlk olaraq deyim ki, Azərbaycanda dəmiryolunun təməli 1878-ci ildə qoyulub və inşası 1880-ci ildə başa çatıb. Uzunluğu 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmiryolu ölkənin iqtisadi inkişafı ilə əlaqədar sonradan davamlı olaraq şaxələnib. Hazırda ölkəmizdə dəmiryollarının ümumi uzunluğu 3 000 kilometrə yaxındır və beynəlxalq şəbəkənin bir hissəsini təşkil edir.
Dəmiryol Muzeyi Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil olan üç binadan biri - Sabunçu vağzalının binasında (metronun “28 May” stansiyasının yaxınlığında) yerləşir. Azərbaycan milli memarlıq ənənələrinə uyğun inşa edilmiş bina xarici görünüşünə və bir çox elementlərinə görə Şirvanşahlar sarayını xatırladır. Binada milli şəbəkə sənəti üslubunda qurulmuş pəncərələr, binanın girişində, fasadın yuxarı hissəsində isə Şirvanşahlar dövrünə aid dekor, saat qülləsində daşdan yonulmuş aslan təsvirləri diqqət çəkir.
Muzeyə giriş beş manatdır. Burada iki film zalı var. Zallardan biri bədii, digəri sənədli filmlərin nümayişi üçün nəzərdə tutulub. Birinci mərtəbədə yerləşən kinozalda tarixi xronikalar, dəmir yollarının inkişafına töhfə verən tanınmış mühəndislər haqqında sənədli filmlər nümayiş olunur. İkinci mərtəbədəki kinozalda isə ziyarətçilər dəmir yollarının, qatarların və vağzalların estetikası ilə bağlı bədii filmlərə baxa bilərlər.
İkinci mərtəbəyə qalxan kimi sağ və sol künclərdə vaxtilə dəmiryollarında istifadə edilən uniformalar sərgilənir. Burada aşağırütbəli işçi heyətinin uniformasından tutmuş, vaqon bələdçilərinin geyimi, eləcə də ortarütbəli maşinist, stansiya növbətçisi, dispetçer və yol briqadirlərinin geyimi, stansiya növbətçisinin uniforması nümayiş olunur. Uniformalar arasında 1943-55-ci illərdə tətbiq edilən uniforma nümunəsində ali işçi heyətinə məxsus palto, dəmiryol mühəndislərinə məxsus uniformalar və dəmir yollarının müxtəlif qurumlarında baş mühəndislər, layihəçilər, baş rabitəçi və digər işçi heyətin uniformalarını da görmək mümkündür.
Dəmiryolçunun hansı rəhbər sinfə aid olduğunu qol şevronlarından və yaxa ilgəklərindən bilmək olur.
Dəmiryolçuların formalarının hərbi formaya yaxın olması da diqqət çəkir. Bunun səbəbi isə dəmir yollarının strateji təhlükəsizlik baxımından əhəmiyyəti olmasıdır. Belə ki, 1932-ci ildə SSRİ-də dəmir yollarına yüksək hərbi əhəmiyyətli nəqliyyat növü statusu verilib. Bundan sonra dəmiryolçu uniformasının dizaynında hərbi formaya oxşar elementlər yer alıb. Dəmiryolçulara rütbələr verilib və bu rütbələr öz hərbi ekvivalentinə malik olub. 1942-ci ildə dəmir yolları Dövlət Müdafiə Komitəsinin tabeliyinə verilərək tam hərbiləşdirilmiş quruma çevrilib. Həmin vaxt tətbiq olunan forma hərbi formanın eynisi olub. Bütün dəmiryolçulara hərbiləşdirilmiş rütbələr verilib. Dəmiryolçu formasında poqonlar və digər elementlər yer alıb. Dəmir yollarının nizamnaməsi hərbi qanunvericiliyə uyğunlaşdırılıb. İkinci Dünya müharibəsi illərində bir çox dəmiryolçular hərbi orden və medallarla təltif olunublar.
Müharibə illərində qatarlar həm sərnişinlərin, həm də müxtəlif növ yüklərin daşınmasında əsas nəqliyyat vasitəsinə çevrilib. Cəbhədə vəziyyət, ordunun hazırlığı dəmir yollarının fasiləsiz və qüsursuz işindən asılı olub. Nəhayət, 1954-cü ildə dəmir yollarının hərbiləşdirilmiş statusu aradan qaldırılıb və o, əvvəlki kimi tam mülki bir quruma çevrilib. Hərbi rütbələr, uniformadan poqonlar və digər hərbi elementlər yığışdırılıb. Dəmir yollarının nizamnaməsi də tam mülkiləşdirilib.
Muzeydə ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar, o cümlədən XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və videomateriallar, dəmir yolu və qatar modelləri nümayiş olunur. Cənubi Qafqaz dəmir yolunun tarixi xəritəsi muzeyin nadir eksponatlarındandır.
Dəmiryol Muzeyinin yerləşdiyi Sabunçu vağzalının binasının tarixi və bir sıra özəllikləri var. Belə ki, Sabunçu vağzalı 6 iyul 1926-cı ildə, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolunun açılışı günü istifadəyə verilib və SSRİ-də elektrik qatarlarını ilk dəfə məhz bu vağzal qəbul edib. Yeni vağzal binası Tiflis vağzalından aralı tikilib.
Tarixi bina 1970-ci illərdə sərnişindaşımanın artması ilə üzərinə düşən yükə tab gətirə bilmirdi. Yeni, daha müasir vağzal binasına ehtiyac yarandı. Buna görə də Bakının Tiflis vağzalı ilə metro stansiyası arasında yeni vağzal binasının inşasına başlanıldı. 1976-cı ildə şəhərətrafı qatarlar yeni vağzal kompleksindəki yol və platformalara keçirildi. Sabunçu vağzalında dəmir yolları söküldü və şəhərətrafı qatarlara xidmət göstərilməsi dayandırıldı. Vağzal kompleksi dəmir yolunun digər xidmət sahələrində fəaliyyətə cəlb edildi. Əsas binada uzaqməsafəli qatarlar üçün bilet kassaları açıldı. Digər boşalmış hissələrdə Azərbaycan Dəmir Yolunun Bakı şöbəsinin yol təsərrüfatı üzrə bölmələri yerləşdirildi, eyni zamanda, “Dəmiryolçular klubu” yaradıldı.
Bakıda ilk iri vağzal binası 1884-cü il yanvarın 10-da sərnişinlərin ixtiyarına verilib. “Tiflis vağzalı” adını almış Bakı dəmir yolu stansiyasının vağzal layihəsi 1882-ci il noyabrın 10-da təsdiqlənib. Layihənin müəllifi Bakı-Tiflis dəmir yolunun memarı vəzifəsində çalışmış Xrisanf Konstantinoviç Vasilyev olub. Tiflis vağzalı Rusiya imperiyasının ən gözəl vağzallarından sayılırdı.
Sabunçu vağzalı isə düz bucaq altında birləşdirilmiş iki korpusdan ibarət idi. Binanın üz tərəfi şəhərə, arxa tərəfi dəmir yollarına baxırdı.
Baş memarı Nikolay Bayev olan Sabunçu vağzalı kompleksində gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, “Ana və uşaq” otağından başqa, Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolunun dispetçer məntəqəsi, yarımstansiya və Böyük Şor elektrik deposunun texniki baxış və təkər təmiri bölməsi də yaradılmışdı. Bu kompleksə indiki Süleyman Rəhimov küçəsi və vağzal meydanı arasında olan bütün tikililər daxil idi. Onu da qeyd edim ki, Sabunçu vağzalı 1977-ci ilədək fəaliyyət göstərib.
Dəmir yollarında ilk relslər çuqundan istehsal olunurdu, buna görə də keçmişdə dəmir yollarına danışıq dilində “çuqunka” deyilirdi. Muzeydə müxtəlif dövrlərdə dəmir yollarında istifadə olunan fərqli rels növləri də sərgilənir. Hazırda 65, 75, hətta 90 kq-lıq relslər mövcuddur. Müasir dövrdə ən çox tətbiq edilən relslər “R-65”dir. Daha ağır relslər yüksəksürətli dəmir yollarında istifadə olunur. Azərbaycan dəmir yollarında tətbiq edilən əsas relslər də “R-65”dir.
Muzeydə İkinci Dünya müharibəsi illərində çəkilən fotolar da yer alır. Həmin dövrdə bir çox dəmiryolçular cəbhəyə göndərildikləri üçün işçi çatışmazlığı yarandığından dəmir yollarında çalışan xanımların sayında artım müşahidə edilirdi. 1941-45-ci illərdə Azərbaycan dəmir yollarında 50-yə yaxın qadın maşinist və maşinist köməkçisi vəzifəsində çalışıb.
Müharibə illərində Bakı neftinin, Qafqazın, o cümlədən Azərbaycanın dəmir yollarının, ilk növbədə isə neft ixracının əsas limanı olan Bakıdan Batuma gedən xəttin qorunması əsas məqsədlərdən idi. Həmin vaxt Azərbaycan dəmir yolları tam gücü ilə işləyirdi. 1941-45-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərilib. SSRİ-nin işğal edilmiş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin, eləcə də qaçqınların ölkənin ucqarlarına çatdırılmasında, canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında Azərbaycan dəmir yolları mühüm rol oynayıb. Azərbaycan “Lend-liz”in (Qərb dövlətlərinin SSRİ-yə göstərdikləri hərbi yardım siyasəti) Trans-İran marşrutunda əsas logistika mərkəzi olduğundan buradan çoxlu sayda texnika, silah-sursat, strateji xarakterli xammal, ərzaq və sənaye məhsulları daşınırdı.
Hətta Bakı bir çox mənada Avropa ölkələrini geridə qoymağı bacarıb. Belə ki, Bakıda ilk elektrik tramvay xətti 1924-cü il fevralın 8-də istifadəyə verilib və 2004-cü ilə qədər fəaliyyət göstərib. Bakı yollarında tramvaylar hərəkət edəndə Avropanın Madrid, Afina, Barselona, Valensiya, Dublin, Lion, Nitsa, Sevilya, Florensiya, İzmir kimi bir çox şəhərlərində ictimai nəqliyyatın bu növünə hələ rast gəlinmirdi.
Muzeyin ən maraqlı sahələrindən biri üçüncü zaldır desəm, yalan olmaz. Burada müxtəlif çeşiddə qatar modelləri nümayiş olunur. Bu nümunələr Azərbaycan dəmir yolu sisteminin keçdiyi inkişaf yolu haqqında müəyyən təsəvvürlər yaradır. Zalda müxtəlif dövrlərə aid geyimlərdə sərnişin obrazlarının maketləri də nümayiş olunur. Şüşə arxasında tarixi dəmir yolu xəttinin bərpa olunmuş modelini görmək mümkündür. Buradakı ekspozisiyalarla tanışlıq ziyarətçilərə təhlükəsiz nəqliyyat vasitəsi hesab olunan dəmiryolunun təkcə tarixi barədə məlumat vermir, həmçinin onun bəşəriyyətin inkişafına və elmi-texniki tərəqqiyə təsiri, habelə sənaye sahəsində oynadığı rol haqqında dolğun fikir formalaşdırır. Bu eksponatlarla ziyarətçilərin diqqəti həm Azərbaycanda, həm də dünyada milyonlarla dəmiryolçunun - mühəndisin, maşinistin, bələdçi və inşaatçının böyük əməyinə yönəlir.
Müxtəlif eksponatlarla yanaşı, muzeydə maraqlı bir vaqon da var. O, 1964-cü ildə Almaniya Demokratik Respublikasının Ammendorf şəhərindəki vaqonqayırma zavodunda SSRİ dəmir yolları üçün istehsal olunan kupe tipli sərnişin vaqonunun prototipidir. Bu vaqonlar keçmiş Sovet İttifaqı ölkələrinin dəmir yollarında uzun illər istismar olunub və komfortlu səyahətin rəmzinə çevrilib. Bu vaqonlardan öncə sovet dəmir yollarında nadir sayda yataq tipli yüksək komfortlu vaqonlar olub. Onların az sayda olması həmin vaqonlara bilet qıtlığına gətirib çıxarırdı. Bu vaqonların gəlişi ilə dəmir yollarında komfortlu səyahət hər bir sərnişin üçün əlçatan oldu. Həmin vaqonlar 1960-70-ci illərin modeli olsa da, öz rahatlığına görə müasir vaqonlardan geri qalmır. Bir çox insan üçün dəmir yollarında səyahət məhz bu vaqonlarla başlayıb. Çəkiliş boyunca ziyarətçilərin ən çox məhz bu eksponata maraq göstərdiklərinin şahidi oldum. Vaqonun içərisində şəkil çəkən, video çəkən gənclərin nostalji hava yaratmaq cəhdləri isə çox uğurlu alınırdı.
Bu gözəl muzey ziyarətçiləri üçün hələ çox yeniliklər hazırlayacaq. Hələlik isə sadəcə, fotolardan zövq alın...
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli
Rəylər